“Baku TV” və Türkiyədə fəaliyyət göstərən “Haber Global” televiziyaları “Şəms Milli Mükafat”ına layiq görülüb.
“Report” xəbər verir ki, Mədəniyyət Nazirliyinin Bakı şəhər Baş Mədəniyyət idarəsinin təşkilatı dəstəyi və "Emedia Group" media təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və Müstəqillik Gününə həsr olunan Şəms Milli Mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri, yerli və xarici mətbuat nümayəndələri iştirak ediblər.
Mükafatlandırma mərasiminin açılışı orkestr və xor heyətinin birgə müşayiəti ilə hazırlanmış əsərlə olub.
Sonra mükafatlar təqdim edilib.
Mükafatlandırılanlar arasında “Baku TV”, eyni zamanda Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına verdiyi töhfələrə görə “Haber Global” telekanalı da var. Hər iki televiziya adından mükafatı “Baku TV”nin direktoru Ramin Cəfərov qəbul edib.
Tədbirdə çıxış edən R.Cəfərov mükafatlara görə təşkilatçılara təşəkkür edib. O bildirib ki, rəhbərlik etdiyi media qurumu bundan sonra da xəbərlərində operativliyi qorumaq üçün əlindən gələni edəcək.
Xatırladaq ki, “Şəms Milli Mükafatı” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində təsis olunub.