Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının mətbuat xidmətlərinin nümayəndələri Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyində olub, Agentliyin fəaliyyəti ilə bağlı ətraflı məlumat alıblar.
Bu barədə "Report"a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.
Bildirilib ki, görüşdə Agentliyin iş prinsipləri, strateji hədəfləri, fəaliyyət istiqamətləri və mexanizmi, ölkənin media siyasətinin formalaşdırılmasında rolu, prioritetləri və gördüyü işlər barədə Azərbaycan nümayəndə heyətinə geniş təqdimat edilib.
Bununla yanaşı, mətbuat xidmətlərinin nümayəndələri Özbəkistanın müxtəlif nazirlik və idarələrinin fəaliyyətləri ilə tanış olub, ictimaiyyətlə əlaqələrə məsul şəxslərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, kommunikasiya sahəsində ən son tendensiyaların və qabaqcıl təcrübələrin öyrənilməsi, effektiv ünsiyyətin qurulması barədə müzakirələr aparıb.