Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanın televiziya kanallarına serial çəkilişləri üçün 2011-ci ildən indiyə qədər dövlət tərəfindən ayrılmış 11 milyon manat vəsait hesabına TV-lər ümumilikdə 40 serial çəkib.
"Report" xəbər verir ki, televiziyalar üçün ayrılan bu məbləğin qarşılığında telekanallar 42 serialın çəkilişi ilə bağlı Milli Televiziya və Radio Şurasına (MTRŞ) hesabat təqdim etsə də, sonradan seriallardan ikisi çəkilməyib.
Azərbaycan Prezidentinin 9 sentyabr 2011-ci tarixli sərəncamı ilə televiziyalara serial çəkilişi üçün ayrılan 5 milyon manat vəsaitdən ATV-yə ("Azad Azərbaycan" televiziyası) "Sirr", "Pərvənalərin rəqsi", "Onu bağışlamaq olarmı" serialları üçün 1 milyon, ANS TV-yə "Xoca" filminin və "Ağabəyovlar" serialının çəkilişi üçün 800 min, "Lider" TV-yə "Dostlar", "Satko", "Muradına çatan günəş" serialları üçün 800 min, "Cənnətə səyahət, "Bir kəndin Sevinci" serialları üçün Space TV-yə 800 min, "Qarabağ", "Dalan", "Döngələr", "Qaranlıqlar çiçəyi", "Xoş təsadüf" serialları üçün İTV-yə 800 min, Xəzər TV-yə "Aramızda qalsın, "Qaynana", "Ayrılıq son deyil", "Həyat varsa", "Sonun başlanğıcı" serialları üçün 800 min manat ödənilib.
Dövlət başçısının 4 aprel 2013-cü ildə verdiyi sərəncama əsasən, serialların çəkilişi üşün televiziya kanallarına daha 6 milyon manat vəsait ayrılıb. ATV-yə həmin vəsaitdən "Çaqqal nəfəsi", "Toy gecəsi", "Həyat Çiçəyi, "Aydın" "Qız yükü" seriallarının çəkilişi üçün 1 milyon 200 manat ödənilib. ANS televiziyasına "Fatma" və "Abşeron" seriallarına görə 1 milyon nəzərdə tutulsa da "Abşeron" serialını çəkmədiyi üçün 960 000 manat ödənilib və 40 000 manatın ödənişi dayandırılıb. Lider TV-yə "Qisas", "Durnalar qayıdanda" və "Tufanlı səma" serialı üçün 1 milyon, Space TV üçün "Tək olanda qorxma", "Oğurlanmış arzular", "Üç bacı" seriallarının çəkilişi üçün 1 milyon, Xəzər televiziyasına "Həyat sən nə qəribəsən", "Sənə inanıram" Cehizsiz gəlin", "Əli və Nino", "Səndən sonra" serilları üçün 1 milyon 250 min manat, Region TV-də çəkilən "Hipokrat andı", "Əhməd hardadır", "Kolxoz", "Sənsiz" serialı üçün 550 min manat vəsait ödənilib. Ümumillikdə telekanalların hesablarına 5 960 000 min manat vəsait köçürülüb.
Qeyd edək ki, MTRŞ ANS TV-ni "Abşeron" serialı ilə bağlı müqavilə şərtlərini pozduğuna, İTV-ni isə çəkmədiyi "Qarabağ" serialına görə məhkəməyə verib və hazırda iş məhkəmə icraatındadır. MTRŞ-nın məhkəmə iddialarına əsasən, çəkilməyən "Qarabağ" serialına görə İTV 430 min manata yaxın vəsaiti, ANS TV isə "Abşeron" serialına görə 168 min manatı dövlət büdcəsinə geri qaytarmalıdır.