Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin 2014-cü ilin dördüncü rübü və ilin yekunları ilə bağlı toplantısı keçirilib. “Report”un xəbərinə görə, iclasda çıxış edən şura sədri, millət vəkili Azay Quliyev 2014-cü ildə qhtxeber.az saytının 5 yaşının tamam olduğunu bildirərək bu münasibətlə saytın bütün kollektivini təbrik edib, qarşıdakı illərdə bir-birindən yeni və maraqlı layihələrlə oxucuların görüşünə gəlməyi arzulayıb. Qhtxeber.az-ı vətəndaş cəmiyyəti institutlarının ən vacib tribunası adlandıran Azay Quliyev saytın yaradıcı heyətinin üzərlərinə düşən vəzifəni müvəffəqiyyətlə yerinə yetirdiyini bildirib. Şura sədri saytı 5 illik yubileyi münasibətilə fəxri fərmanla təltif edib.
Azay Quliyev şuranın “Vətəndaş cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlını 60 illik yubileyi münasibətilə təbrik edib və onu peşəkar jurnalist, istedadlı yazar kimi xarakterizə edib. Şura sədri Səfər Alışarlını fəxri fərmanla təltif edib və ona nəailiyyətlər arzulayıb.