Bakı. 5 may. REPORT.AZ/ "Azərbaycan Prezidenti İlham Əliyev dünyada mədəniyyətlərarası dialoqun təşviqinə böyük töhfə verib".
"Report" xəbər verir ki, bunu YUNESKO-nun baş direktoru İrina Bokova Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində deyib.
O, həmçinin İSESKO-nun səfiri kimi İslam ənənələrinin qorunub saxlanması və təbliğinə görə Mehriban Əliyevaya təşəkkürünü bildirib.
"Bu gün münaqişələr və ekstremizm fonunda dünyada məscidlər, kilsələr, tarixi abidələr dağıdılır. Təhsil, söz azadlığı zərbə altındadır, etnik azlıqlara qarşı nifrət, dini dözümsüzlük artır", - deyə İ.Bokova vurğulayıb.
Onun sözlərinə görə, bu gün bəşəriyyət birləşməli və bəşəri dəyərləri yolu ilə getməlidir.
Baş direktor dünyada ekstremizmin artım tempini azaltmaq üçün təhsil və mədəniyyətin yumşaq gücünə diqqət çəkib.
"İnnovasiyalara təkan verməli, bir-birindən fərqli olan ayrı-ayrı insanların fikirlərini hörmət etməyi öyrənməliyik. Bizə insan hüquqlarına əsaslanan siyasət lazımdır", - İ.Bokova bildirib. O əlavə edib ki, İslam dininin dünya mədəniyyətinə verdiyi töhfələr barədə məlumatlılığı yaymaqla islami ekstremizmin qarşısını almaq olar.