Türkmənistan, Azərbaycan, Rusiya, İran və Qazaxıstanı təmsil edən musiqiçilər Xəzərsahili ölkələrin musiqiçilərinin birləşmiş simfonik orkestrinin tərkibində çıxış edəcəklər. Orkestrin debütü sentyabrın 11-də Astraxanda keçiriləcək “OperaFirst” Xəzər klassik musiqi festivalının qala konsertində baş tutacaq.
“Report” xəbər verir ki, birləşmiş orkestrin tərkibinə dost ölkələri təmsil edən 65 musiqiçi daxildir. Bu unikal musiqi kollektivi xüsusi olaraq “OperaFirst” festivalı üçün “Music Entertainment” Mədəniyyət fondu tərəfindən təşkil edilib.
Dirijor pultu arxasında Sankt-Peterburq Dövlət Filarmoniyasının direktoru və baş dirijoru Mixail Qolikov çıxış edəcək.
“OperaFirst” festivalı dünya opera ulduzları Sumi Ço (Koreya Respublikası), Elizabet Vidal (Fransa) və Sergey Leyferkusun (Rusiya/Portuqaliya) iştirakı ilə qala-konsertlə yekunlaşacaq.
Tədbir çərçivəsində həmçinin 5 ölkə dizaynerlərinin xüsusi olaraq bu tədbir üçün hazırladıqları kolleksiyaların nümayiş olunacağı “Caspian Fashion Week” təşkil ediləcək.