Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-8

Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-8 Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatıb.
Mədəniyyət siyasəti
16 Mart , 2022 14:02
Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-8

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda torpağa tapşırılıb.

“Report”un əməkdaşı xəbər verir ki, o, qardaşı mərhum xalq yazıçısı Maqsud İbrahimbəyovun yanında dəfn edilib.

Dəfn mərasimdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:55

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilir.

“Report” xəbər verir ki, dəfn mərasimində mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

12:55

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatıb.

"Report" xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri çıxış ediblər.

Onlar R.İbrahimbəyovla bağlı xatirələrini bölüşüblər, onun Azərbaycanın kino, teatr və ədəbiyyatı sahəsindəki böyük xidmətlərini vurğulayıblar, Xalq yazıçısının ölümünü ağır itki kimi qiymətləndiriblər.

Rüstəm İbrəhimbəyovun oğlu Fuad İbrahimbəyov atasının cənazəsinin Azərbaycana gətirilərək Bakıda Fəxri xiyabanda dəfn olunmasına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. 

12:45

"Kino, ədəbiyyat, teatr sənəti böyük sənətkarı itirib. O, mənim 60 illik etibarlı dostum idi".

"Report" xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Rüstəm İbrahimbəyovla vida mərasimində deyib.

O bildirib ki, R.İbrahimbəyov çox vaxt Bakıdan uzaqda olsa da, həmişə ürəyi Azərbaycanla döyünürdü: "O, əbədi olaraq Azərbaycan torpağına qayıtdı. Onun əsərlərini yaşatmağa ehtiyac yoxdur. Onlar özü yaşayacaq. Rüstəm İbrahimbəyovun yaratdığı "İbrus" Teatrını yaşatmalıyıq".

12:33

"Azərbaycan mədəniyyətinin böyük şəxsiyyətini itirdik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimində deyib.

"O, dünyada yeganə adam olub ki, 6 ölkənin mükafatını alıb. Dünyada ikinci belə adam yoxdur. Bu gün neçə ölkədən məktub gəlib. Rusiyadan da, Ukraynadan da bizə məktublar göndərilib. Onlar bilir ki, dünya necə dəyərli insanı itirib", - Ç.Abdullayev bildirib.

12:20

"Rüstəm İbrahimbəyov həmişə sağlam, enerjili olub. Eşitdiyimə görə ABŞ-a getməyə hazırlaşırmış". 

"Report" xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev jurnalistlərə deyib.

"O, mənim üçün həm dost, həm də Azərbaycan mədəniyyətinin flaqmanlarından biri olub. Son dövrlərdə Azərbaycan incəsənətinin yetişdirdiyi iki nəhəng simadan biri vəfat edib. Onların biri Rüstəm İbrahimbəyov, digəri isə Tahir Salahov idi".

12:10

“Bu, böyük itkidir. Valideyni, atanı itirmək, şübhəsiz, ağırdır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mərhum Xalq yazıçısı Rüstəm İbrəhimbəyovun oğlu Fuad İbrahimbəyov deyib.

“Yaxşı ki, atam öz Vətənində dəfn olacaq. O, istedadlı yazıçı, gözəl ata idi. Əlbəttə, bu, bizim üçün gözlənilməz oldu. Ata itkisinin övlad üçün ağırdır. Atam son sözündə dedi ki, dostlarıma salam söyləyərsən”, - o bildirib.

Xalq şairi Ramiz Rövşən isə söyləyib ki, R.İbrahimbəyovun ölümü ağır itkidir.

"Xalqımız çox böyük sənətkarını itirib. Rüstəm İbrahimbəyov bir millət, xalq, hətta dünya üçün əvəzolunmaz şəxsdir. Onun gedişindən sonra böyük bir boşluq görünür. O boşluq hər yerdən sezilir və get-gedə daha sıx görünəcək”,- o bildirib.

12:05

Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra mərhumun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-i Vətənə gətirilib.

11:24

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun cənazəsi Nizami Kino Mərkəzinə gətirilib.

“Report” xəbər verir ki, saat 12:00-da mərkəzdə mərhumla vida mərasimi başlayacaq.

Vida mərasimindən sonra cənazə dəfn edilmək üçün I Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətirilib.

Son xəbərlər

Orphus sistemi