Bakı. 15 dekabr. REPORT.AZ/ Gələn il Ukraynada əfsanəvi müğənni Müslüm Maqomayevə həsr olunmuş beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan-Ukrayna" İttifaqının sədri Elmar Məmmədov bildirib.
Onun sözlərinə görə, təşkilatçılar 2018-ci ilin avqust ayında Ukraynanın Truskavets şəhərində keçiriləcək müsabiqə üçün əfsanəvi sənətkarın mahnılarını ifa edəcək ən yaxşı ifaçıları toplamaq niyyətindədirlər.
Münsiflər heyətinin tərkibində hər iki ölkənin tanınmış mədəniyyət və ictimai xadimləri yer alacaq. Münsiflər heyətinin sədri kimi Ukraynanın xalq artisti Qurban Abbasovu seçmək planlaşdırılır.
Müsabiqə iştirakçıları vokal istedadlarını nümayiş etdirməklə yanaşı, Müslüm Maqomayevin tərcümeyi-halı və nailiyyətləri, onun filmləri, konsertləri və yaratdığı musiqi əsərləri haqqında verilən suallara da cavab verməlidirlər.
Birinci yeri tutuan iştirakçıya qızıl medal və Azərbaycana birhəftəlik səfər üçün putyovka veriləcək.
Tədbirin əsas məqsədi Ukraynada Azərbaycan mədəniyyətinin populyarlaşdırılması, eləcə də dost dövlətlər arasında mədəni əlaqələrin möhkəmləndirilməsidir.