Bakı. 1 may. REPORT.AZ/ Malinin birinci xanımı Madame Keita Aminata Maiga, Efiopiyanın birinci xanımı Roman Tesfaye və Ruandanın birinci xanımı Jeannette Nyiramongi Kagame Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəklər.
Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, forum çərçivəsində həm Azərbaycan tərəfinin, həm də tərəfdaş qurumların təklifləri ilə bir sıra yeni beynəlxalq təşəbbüslərin əsasının qoyulması nəzərdə tutulub.
Qeyd edək ki, forumda beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-a yaxın sessiya, tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.
Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.