Türkiyənin İstanbul şəhərində “Yıldız sarayı foto kolleksiyasında XIX əsr türk dünyasının mədəni irsi” adlı fotosərgi çərçivəsində Azərbaycanın maddi-mədəni irsi təqdim olunub.
"Report" “Kazinform”a istinadən xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təqdim etdiyi sərgi üçün Yıldız sarayının kolleksiyasından Osmanlı Sultanı II Əbdülhəmidin dövründə çəkilmiş 75 fotoşəkil seçilib.
Bu kolleksiya 918 albom və 36 585 fotoşəkildən ibarət dünyanın ən zəngin foto arxivlərindən biridir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş “Osmanlı arxivlərində türk mədəni irsi” kitabının təqdimatı qonaqların diqqətini çəkib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun prezidenti Günay Əfəndiyevanın sözlərinə görə, bu foto kolleksiya Fonda üzv ölkələrin şəhərlərinin və müşahidəçilərinin sirlərinə xüsusi baxışdır: “Bu, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstanın qədim zamanlardan inkişaf etmiş şəhərsalma mədəniyyətinin bariz sübutudur. Bu, türk dünyasına aid memarlıq nümunələrinin fərqləndirici xüsusiyyətlərinin aşkarlanması, eyni zamanda mədəni irsin canlanmasıdır”.
Milli Saraylar Başqanlığının sədr müavini Adnan Qayhan bildirib ki, Yıldız foto kolleksiyası qədim Osmanlı İmperiyası və dünya haqqında bilgi mənbəyi olmaqla yanaşı, həm də Türk xalqları üçün dəyərli bir xəzinə və bəşəriyyətə məxsus mədəni irsdir.