"Fəaliyyətimi peşə təhsilinin güclənməsi istiqamətində davam etdirəcəm".
Bunu “Report”a açıqlamasında Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru, Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov deyib.
O, hazırda bir neçə kitab üzərində işlədiyini bildirib. Bu ilin martın 20-də Dünya İslam Kulinariya Birliyinin prezidenti seçildiyini xatırladan T.Əmiraslanov qeyd edib ki, təşkilatın bəzi işləri mövcuddur:
"Biz indi onları həll edirik və yeni nizamnamənin hazırlanması üzərində iş aparılır. Müzakirələri dünya ölkələrinə göndərmişik. Artıq İslam ölkələrinin səfirləri ilə görüşlərim başlayıb".
Tədris kitabları nəşr etdirmək niyyətində olduğunu vurğulayan Tahir Əmiraslanov qeyd edib ki, indiyə qədər bu işləri həyata keçirməyə vaxtı olmayıb: “Əgər sponsorlar sözlərinin üstündə durub pulu köçürsələr, tədris kitabları hazırlayacağıq. Bu gün peşə məktəblərində tədris kitabları pis gündədir. Həmişə tənqid edirdik. Artıq iş görüb, özümüz düzəltmək istəyirik. Peşə təhsilinin güclənməsi üçün işlər görəcəyik”.
T.Əmiraslanov həmçinin Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən azad olunmasından da danışıb. O, həmin vəzifədə 31 il məzuniyyətə çıxmadan işlədiyini bildirib.
T.Əmiraslanov Orxan Fikrətoğlunu Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik edib:
“Onunla çörək kəsmişəm, qucaqladım, təbrik etdim. Uğurlar dilədim. Dövlətin işidir. Olub-olub da. Onsuz da bir ildən sonra təqaüdə getməli idim. Orxan müəllim və onu vəzifəyə təyin edənlər yəqin ki, mətbəxi bir az başqa cür düşünürlər. Mənim düşüncələrimlə, o düşüncələr yəqin ki uyğun gəlmir.
Müxtəlif düşüncələr var. Ola bilsin ki, bir məqsədləri olub və məni o yolda görməyiblər. Allah yollarını uğurlu və xeyirli etsin. Ölkəmiz, dövlətimiz naminə o yolla getsinlər. Mən heç vaxt öz maraqlarımı xalqın maraqlarından üstün tutmamışam və tutmayacam. Mən xalqın güzgüsü olmağa çalışmışam. İndi bir az əyri göstəmişəm, bir az düz göstəmişəm. Bu güzgünün çökəkliyinin günahından olub. Xalq möhtəşəm bir şey yaradıb, onu toplamaq və gələcəyə çatdırmaq borcumuzdur. Gördüyüm işlər göz qabağındadır. Görək, onların işi mənimkindən daha möhtəşəm olar. Mənim yetirmələrimdən biri hazırda ictimai təşkilatdadır. Çıxmağımı eşidib çox sevincək status yazdı ki, Tahir Əmiraslanovun gördüyü işlərdən 5 dəfə artıq iş görəcəyik. Mən yəqin onları işləməyə qoymurdum. Özüm 33 ildə 30 kitab yazıb qoymuşam, onlar yəqin 5 ilə 165-ini yazacaq. Üç kitabım dünyanın ən yaxşı kulinariya kitabı olub, onların 15-i olacaq. Mən 1800-ə yaxın medal gətimişəm, onlar yəqin 9 min medal gətirəcək. Allah eləsin. Mən sevinərəm”.