Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabını ingilis dilində nəşr edib.
"Report" xəbər verir ki, kitabın yazılması Azərbaycan tarixi və onun ən zəngin mərhələlərindən birini təşkil edən alban xristian irsi və bu irsin ən zəngin nümunələrini yaşadan Qarabağ və Şərqi Zəngəzurun alban abidələrinin tarixi keçmişi və bu günkü vəziyyəti, onların falsifikasiya edilməsi faktlarının geniş оxucu auditоriyasına çatdırılması, bölgənin bütün alban abidələrinin, ümumi tarixi arayış verilməklə bir nəşrdə toplanması zərurətindən irəli gəlib.
Kitabda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində keçən əsrin son illərinə qədər aşkar edilib və bir qismində elmi tədqiqat işləri aparılan yüzdən artıq alban memarlıq abidəsi haqqında tarixi arayış verilib.
Eyni zamanda bölgənin alban abidələri ilə bağlı tarixi-etnoqrafik, arxeoloji, memarlıq materialları toplanaraq ümumiləşdirilib. Lakin bu, bölgənin alban abidələrinin tam təsnifatı deyil.
Kitabın layihə müəllifi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, müəllifi tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva, elmi redaktorları tarix elmləri doktoru, professor Teymur Bünyadov, tarix elmləri doktoru, professor Kərim Şükürov, layihəyə məsul BBMM-in icraçı direktoru Rəvan Həsənov, redaktoru Tahir Kazımlıdır.