Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin bərpası işləri ilə tanış olublar.
"Report" xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Şuşa şəhərinin mərkəzində, Mərdinli məhəlləsində yerləşən bina ilkin görkəmini 80 faizə qədər itirib. Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olunur və qəza vəziyyətindədir. Sadıqcanın evində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirəcək. Dördbucaqlı plan quruluşu olan ev ikimərtəbəlidir. Bina Şuşaya xas memarlıq üslubunda inşa olunub.
Qeyd edək ki, 1846-cı ildə Şuşada anadan olan Sadıqcan Azərbaycanın tanınmış tarzənlərindən biridir. O, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə ifa etməyə başlayıb. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq milli musiqimizin rəmzinə çevrilib. Sadıqcan, eyni zamanda, istedadlı bəstəkar idi. O, “Orta Segah” və “Bayatı-Şiraz” muğamlarına bir neçə rəng bəstələyib.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşada yeni inşa olunacaq məscid kompleksinin layihəsi barədə də məlumat verilib.
Bildirilib ki, məscidin layihəsi üzrə işlər başa çatıb və inşaat işlərinə başlanılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə tanış olublar.
"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti yayıb.