*** saat 12:12
Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, maestro Niyazinin abidəsinin açılış mərasimi olub.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı mərasimdə çıxış edib.
Sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, bəstəkar, Xalq Artisti Faiq Sücəddinov, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev, Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov çıxış etdilər.
Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoyub.
Qeyd edək ki, Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. Niyazi dirijorluq fəaliyyətinə ötən əsrin 30-cu illərində başlayıb. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini – “Rast” və “Şur”u nota köçürən Niyazi 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanıb, 1949-cu ildə ən məşhur əsərini – “Rast” simfonik muğamını yazıb. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in Xalq Artisti, SSRİ Xalq Artisti adlarına, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət mükafatına, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına, Nehru adına beynəlxalq mükafata layiq görülüb. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olub.
Dövlət başçısı mərasimdə iştirak edən mədəniyyət və incəsənət xadimləri ilə söhbət edib.