Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Təsviri Sənət Qalereyasında “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı olub.
"Report" xəbər verir ki, mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, iki ölkənin tanınmış mədəniyyət, incəsənət və elm xadimləri və qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Özbəkistan Təsviri Sənət Qalereyasının direktoru Kamila Baltabayeva sənət ocağı və sərgi haqqında danışıb.
Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova Azərbaycan təsviri və dekorativ-tətbiqi sənəti barədə məlumat verib. Deyib ki, sərginin konsepsiyası Azərbaycan milli irsinin zəngin tarixə və qədim bədii ənənələrə, bugünkü incəsənətimizin varislik prinsiplərinə əsaslanır.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Məlumat verilib ki, sərginin birinci hissəsi Azərbaycan Milli İncəsənət Muzeyində qorunan peşəkar Azərbaycan qrafikasının banisi Əzim Əzimzadənin XX əsrin əvvəllərində yaratdığı əsərləri əhatə edir. Qrafik əsərlərin bədii interpretasiyaları muzey fondunun unikal eksponatları əsasında işlənib.
İkinci zalda son 20 il ərzində toplanan şəxsi kolleksiyadan 27 ədəd XVIII-XX əsrlərə aid kəlağayı təqdim edilir. Üçüncü zalda “Azərxalça” ASC-nin xalçaları nümayiş olunur. Növbəti zalda Azərbaycan Rəssamlar İttifaqı tərəfindən hazırlanan videoçarx nümayiş etdirilir.
Qalereyanın ikinci mərtəbəsinin foyesində qurama, zərgərlik, misgərlik, şəbəkə üzrə əl işləri sərgilənir. Sənətkarlarımız əl işlərinin hazırlanması prosesini əyani şəkildə nümayiş etdirirlər.
Ənənələrin yaşaması ideyası həmin məkanda təqdim olunan “Adi şəhər” adlı fərdi fotosərgidə də yer alıb.