ABŞ-nin Nyu-York şəhərində Azərbaycan musiqisini təbliğ edən, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, tanınmış pianoçu, əməkdar artist Nərgiz Əliyarovanın konserti keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, Nyu-Yorkun məşhur "Carnegie Hall" mədəniyyət mərkəzinin "Zankel Hall" konsert salonunda baş tutan musiqili gecə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 105 illik yubileyinə həsr olunub.
Gecədə Azərbaycanın ABŞ-dəkı səfirliyinin və BMT-dəki daimi nümayəndəliyinin diplomatları, ABŞ-də yaşayan azərbaycanlılar, amerikalı sənətsevərlər iştirak ediblər.
Sənətçi çıxışında Azərbaycanın musiqi tarixində misilsiz imzası olan Q.Qarayev haqqında danışıb, onun milli musiqi irsimizə qazandırdığı əvəzolunmaz sənət əsərləri barədə qonaqlara məlumat verib.
Gecədə əməkdar artist Qara Qarayevin ''Yeddi gözəl'' baletindən Aişənin rəqsi və digər əsərlərini fortepianoda ifa edib.
Konsertdə sənətçini skripkada amerikalı musiqiçi Melisa Vayt müşayiət edib.
İki saat davam edən konsert proqramı anşlaqla davam edib.