“Xarıbülbül” festivalının səhnəsində çıxış edərkən Azərbaycandan olan tamaşaçılarla qarşılıqlı əlaqəni hiss etdim”.
“Report” xəbər verir ki, bunu festivalın iştirakçısı, misirli müğənni, bəstəkar və multiinstrumentalçı Həmzə Namira deyib.
“Bu, Azərbaycana ilk səfərimdir, bu festivalda iştirak etmək mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, gələcəkdə də bu festivalda iştirak edəcəyəm”, - o bildirib.
Misirli müğənni Azərbaycan musiqisini çox bəyəndiyini və ölkə xalqına sülh arzuladığını sözlərinə əlavə edib.
Xatırladaq ki, Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının üçüncü günü keçirilir. Tədbir Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə baş tutub. Burada xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən olan folklor kollektivləri iştirak edir.
Xatirə Kazımova