Oktyabrın 15-də Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində braziliyalı musiqiçi Mario Bakunanın konserti olacaq.
“Report” xəbər verir ki, auditorium zalında keçiriləcək konsert “Braziliya mənzərələri” adlanır. Məşhur caz ifaçısı eyniadlı albomu ilə artıq Avropanın 16 ölkəsində qastrolda olub. “Braziliya mənzərələri” albomu digərlərindən məşhur braziliyalı bəstəkarların əsərlərinin yeni aranjimanının təqdimatı ilə fərqlənir.
Mario Bakuna Londonda yaşayan braziliyalı bəstəkar, aranjimançı, müğənni və gitara ifaçısıdır. 20 illik musiqi təcrübəsi olan Mario Bakuna bugünədək Avropa, Afrika və Braziliyada beynəlxalq festivallar və böyük səhnələrdə uğurla çıxış edib.
O, 1950-ci illərdə Rio-de-Janeyroda yaranan Samba Caz janrının yeni interpretasiyaları üzərində çalışır. Hazırda Mario Bakuna Avropada yaşayan və dünyanın nüfuzlu səhnələrində ən yaxşı musiqiçilərlə birgə çıxışları ilə yadda qalan caz ifaçılarındandır.
Bakı konsertində onunla səhnəni elektro gitarada Felippe Oliveyra (Felippe Oliveira), bas gitarada Ueyn Metyuz (Wayne Matthews), zərb alətlərində isə Uçço Qaeta (Uccio Gaeta) paylaşacaq.
Mario Bakunanın konsertinə biletləri şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.