Oktyabrın 8-dən 11-dək keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimi keçirilib.
"Report" xəbər verir ki, bağlanış və mükafatlandırma mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, mədəniyyət naziri Adil Kərimli, türk dünyasının tanınmış sənət adamları, rəsmi şəxslər. ümumilikdə isə kino bayramında türk xalqlarının kinematoqrafçılarından ibarət 100-dən çox qonaq iştirak edib.
Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Kino Agentliyi, Bakı Media Mərkəzinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə reallaşıb.
Mükafatlandırma mərasimini TÜRKSOY-un baş katibi Sultan Raev açıb.
O, festivalın uğurlu təşkilinə görə minnətdarlıq edib.
Sonra mükafatlandırma hissəsi başlayıb.
Əvvəlcə festivalın fəxri mükafatları təqdim edilib.
Sonra əsas nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.
Ən yaxşı aktyor nominasiyası üzrə - “Qızıl alma” filmindəki roluna görə Ahmet Amandurdiyev (Türkmənistan);
Ən yaxşı aktrisa nominasiyası üzrə - “Məryəm” filmindəki roluna görə, Təhminə Rafaella (Azərbaycan);
Ən yaxşı ssenari nominasiyası üzrə -
“Abdulla Oripov” (Özbəkistan);
Ən yaxşı rejissor nominasiyası üzrə - rejissoru Zhuraeva Asel Talibzhanova olan "Tanrıverdi" filmi (Qırğızıstan);
Ən yaxşı bədii film nominasıyası üzrə – Ahmet Sönmezin "Yıldız tozu" filmi (Türkiyə);
Sənədli filmlər üzrə isə 3 qalib müəyyənləşib:
"Mənim dairəm" (Özbəkistan);
"Arqau" (Qazaxıstan);
"Sonuncu" (Azərbaycan).
Mükafatlandırmanın ardından tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq xalqlarının bu məkana inteqrasiyasına töhfə vermək olub.
2021-ci ildən təşkil olunan festival ilk dəfə Türkiyənin İstanbul şəhərində, ikinci dəfə isə ötən il qardaş ölkənin Bursa şəhərində keçirilib.
Artıq üçüncü dəfə təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmi təqdim olunub.