Bu gün Şuşanın dağlarında, Cıdır düzündə, İsa bulağında, bir sözlə, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ruhunun dolaşdığı hər məkanda, Vətən torpağının hər qarışında muğam sədaları eşidiləcək.
"Report" xəbər verir ki, 30 ildən sonra ilk dəfə Ü.Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq.
Belə ki, bu gün - sentyabrın 18-də Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı olacaq.
Festivalın ilk günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.
Bundan əlavə, sayca XIII olan festival çərçivəsində Bakı, Gəncə, Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Eyni zamanda festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start verilib.
Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub.
Nümayəndə heyəti Bülbülün ev muzeyini ziyarət edəcək, Xan qızı bulağı, Qala divarına, Üzeyir Hacıbəylinin ev muzeyinə baş çəkəcək. Eyni zamanda Cıdır düzünə də səfər gözlənilir.
Mövcud pandemiya şəraiti ilə əlaqədar tədbirlərə yalnız xüsusi dəvətnamələr və COVID-19 pasportu ilə giriş mümkün olacaq.
Qeyd edək ki, 2009-cu ildən başlayaraq 18 sentyabr - Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 113 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlanıb.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”, üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Ömrünü Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən dahi şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.