"Bu ilin oktyabrında Təhsil Nazirliyinin dəstəyilə "İltəriş Qutluq Xaqan Memorial Kompleksi və Kitabəsi"nin növbəti təqdimat mərasimini Bakıda keçirməyi planlaşdırırıq. Son təqdimatımızı isə dekabrın 15-də Fransada UNESCO-nun Parisdəki baş qərərgahında reallaşdıracağıq".
Bu fikirləri "Report"un Türkiyə bürosuna açıqlamasında Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən vitse-prezident Füzuli Məcidli bildirib.
Onun sözlərinə görə, gələn il elmi araşdırmalara Azərbaycan və Türkiyədən olan arxeoloqlar da cəlb olunacaq: "Bildiyiniz kimi, indiyədək tapılmış türk tarixinə aid daş kitabələr danimarkalı alimlər tərəfindən oxunub. Ancaq artıq kitabə ilk dəfə öz arxeoloqlarımız, Qazaxıstan və Monqolustandan olan elmi tədqiqatçılar tərəfindən oxunur".
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus abidə kompleksi aşkarlanıb. Kompleksin ümumi sahəsi 49x41,5 m-dir. Qərbdən şərqə doğru oval formada yerləşən külliyə ətrafında xəndək qazılıb, torpaq qalaqlanaraq qala inşa edilib. Kompleksin qərb tərəfində, ərazinin ortasında dəlikli daş küp (mehrab), daş insan fiqurları, iki balası olan şir heykəli, iki qoyun heykəli var. Kompleksin girişindən şərqə doğru 51 balbal daş yan-yana düzülüb. Onların arasında beş balbal daşında Göytürklərin Aşina sülaləsinə aid “dağ keçisi” rəmzi müəyyən edilib. Bundan əlavə, kompleksdə ibadət yerinin olduğunu sübut edən kərpic qalıqları və yola sərilən gil örtük mövcuddur. Aşkarlanan daş kitabənin yuxarı hissəsi və onun tısbağaşəkilli bünövrəsi ibadət yerinin qarşısında aşkar edilib. Tapılan qiymətli əsərin hər iki tərəfində 12 sətir qədim türk yazısı, üçüncü tərəfində isə əski soqd qrafikası vardır. Kəşfdə iştirak edən alimlər abidənin mətnindən “Tanrı”, “Türk”, “Kutluq”, “Tümen” kimi bir sıra sözləri oxuya biliblər. Abidənin mətnindən əldə edilən məlumatlara əsasən, Nomqon kompleksinin Göytürk Xaqanlığını yenidən qurmuş Kültegin və Bilgə Xaqanın atası İltəriş Kutluq Xaqana ithaf edildiyi qənaətinə gəlinmişdir. Bundan əlavə, bu külliyə “Türk” adının ilk dəfə çəkildiyi Göytürk dövrünün ən qədim yazılı abidəsi kimi qəbul edilir. Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Xaqan və Kültegin komplekslərinə bənzəyir. Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar Xaqan, Bilgə, Kültegin və digər abidələrin zirvəsində xaqanlıq rəmzləri olan bu cür əjdaha şəklində, qurd başlı cizgi çəkilib. Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır.
Xatırladaq ki, Nomqon düzündə qazıntı işlərinə 2019-cu ildə başlanılıb.