Estoniyanın paytaxtı Tallin şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Azərbaycanın Müstəqillik Gününün 105-ci ildönümünə həsr olunmuş konsert keçirilib.
"Report"un əməkdaşı xəbər verir ki, toplantı "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı, Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dirijorluq fakültəsinin məzunu Abuzər Manafzadə və həyat yoldaşı, vokalist Karen Danger-Manafzadə, vokalist Leyla Rəhimova, Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin tam orta məktəbinin məzunu, respublika və beynəlxalq müsabiqələr laureatı Şirin Əmiraslanova, sopranoçu Dərya Hüseynova, Tatyana Qasımova çıxış edib.
Qeyd edək ki, tədbirdə Diasporla İş üzrə Dövlət komitəsinin nümayəndəsi Leyla Həmzəyeva, Estoniya parlamentinin üzvlərinin, diplomatik korpus nümayəndələri, Tallin şəhər rəhbərliyi və KİV nümayəndələri iştirak ediblər.