Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə məcburi köçkünlərin hazırladığı “Bura mənim evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq Ege Art qısa film festivalının mükafatına layiq görülüb.
"Report" xəbər verir ki, film Amerikada doğulub boya-başa çatmış Ceyhun Qarabağlı adlı gəncin baba yurduna - Cəbrayıl rayonunun Süleymanlı kəndinə səfərindən və oradakı yaşantılarından bəhs edir.
Təqdimat mərasimində Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov və komitənin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev iştirak ediblər.
Nəsimi Nərimanov bildirib ki, filmin xarici ölkələrdə nümayişi qaçqın və məcburi köçkünlərin səsini dünyaya çatdırmaq, işğal dövründə Azərbaycan ərazilərində Ermənistanın törətdiyi urbisid və ekosidi göstərməkdir.
Cəbrayıl rayonunun işğal altında olduğu 30 ilə yaxın müddətdə ermənilərin azərbaycanlı əhalinin yaşayış yerlərini, buradakı fərdi evləri və inzibati binaları necə xarabalığa çevirmələri, ətraf mühitə və ekologiyaya sağalmaz yaralar vurmaları filmdə öz əksini tapıb.
Qeyd olunub ki, film məcburi köçkünlər tərəfindən hazırlanıb. Rejissor Ağdam rayonundan məcburi köçkün Nicat Cəlilovdur. Onun həm özü, həm də atası Kərim Cəlilov Qarabağ müharibəsinin iştirakçısıdır. Filmin çəkiliş heyətinin digər üzvləri - İsa İsmayılov Laçın, Əsgər Xudiyev Cəbrayıl, Fuad Cəfərov Ağdam rayonundan məcburi köçkünlərdir.
Filmin qəhrəmanı Ceyhun Qarabağlının babası Cavanşir Qarabağlı İkinci Dünya müharibəsində iştirak edib, müharibə başa çatdıqdan sonra Azərbaycana qayıda bilməyib, Türkiyədə, Misirdə, İtaliyada, Amerikada qəriblik həyatı yaşayıb. Amma doğma yurdu heç vaxt unutmayıb, Vətən sevgisini övladlarına, nəvələrinə ötürüb. Babasının uşaqlıq və gənclik illərini keçirdiyi Süleymanlı kəndini görmək Ceyhunun arzusu olub və torpaqlarımızın işğaldan azad edilməsi ona bu arzunu gerçəkləşdirmək imkanı verib.
Filmdə amerikalı gənc öz nəslinə, milli mənşəyinə bağlılığını çox təsirli şəkildə ifadə edir. Onun baba yurdunda keçirdiyi hisslər, səfər təəssüratları həm vətənpərvərlik hekayəsi, həm də torpaqları viran qoyan işğala etiraz nümunəsi kimi təqdim olunur.
Filmin 10-cu Beynəlxalq Ege Art qısa film festivalında nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. “Bura mənim evimdir” festivalın münsiflər heyəti tərəfindən “Vəfa” mükafatına layiq görülüb.
20 noyabr 2023-cü ildə Bakı şəhərində Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, ictimai fəallar, məcburi köçkünlərin iştirakı ilə təqdimatı keçirilən filmin bütün dünyada nümayiş etdirilməsi nəzərdə tutulub.
Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü çərçivəsində keçirilən 10-cu Beynəlxalq Ege Art qısa film festivalına 117 ölkədən 3076 qısa film təqdim edilib.