“TÜRKSOY-un 30 illik yubileyini Azərbaycanda və türk dünyasının mədəniyyət paytaxtı Şuşada da qeyd edəcəyik”.
Bunu “Report”un Ankara bürosuna Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib.
Baş katib deyib ki, TÜRKSOY-un yubileyi 6 türk dövlətində xüsusi proqramlarla qeyd olunacaq:
“Yubiley tədbirlərinə Qazaxıstandan başlamağa qərar verdik və mayın 3-də 30 illik fəaliyyətin nəticələri, bundan sonrakı fəaliyyətlər mövzusunda dəyirmi masa keçirdik. Ümumilikdə isə iyunun 9-da Almatıda, iyunun 13-də Bişkekdə, 18-də Daşkənddə, 28-29-da isə Aşqabadda təşkilatımızın 30 illiyinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. Hər ölkədə TÜRKSOY həftəsi çərçivəsində foto və rəsm sərgiləri, türk dünyası geyimlərindən ibarət sərgi və s. tədbirlər olacaq”.
Sultan Raev vurğulayıb ki, TÜRKSOY-un ənənəvi tədbirləri olan rəssamların, fotoqrafların, şairlərin, muzey və teatr müdirlərinin görüşləri də daxil olmaqla, müxtəlif səpgili silsilə tədbirlərin keçirilməsi planda var:
“Biz bu tədbirlərin məhsuldar və səmərəli nəticələnməsi üçün Şuşada keçirilən digər ənənəvi tədbirlər çərçivəsində təşkilini təklif etmişik. Bu tədbirlərdə ərsəyə gələn foto və rəsm əsərləri oktyabr ayında nəzərdə tutulan TÜRKSOY-un Daimi Şurasının iclası zamanı Şuşada və 30 illik tədbirləri çərçivəsində Bakıda sərgilənəcək. Daha sonra bu əsərlər kataloq, albom şəklində TÜRKSOY tərəfindən nəşr olunacaq”.
Baş katib əlavə edib ki, albomun nəşrində məqsəd Şuşanı dünyada, üzv ölkələrimizdə və beynəlxalq təşkilatlarda tanıtmaq üçün istifadə etməkdir:
“Yubiley tədbirlərimizin Azərbaycanda, eləcə də Türkiyədə keçirilməsi isə oktyabr ayına planlaşdırılıb. Türkiyənin 100 illik yubileyini, eləcə də Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyini də nəzərə alaraq yekun yubiley tədbirini Bakıdan sonra Ankarada keçirəcəyik”.