Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Prezident yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə akademiyada “İslam Həmrəyliyi İli”nə həsr olunan “Novruz, multikultural dəyərlər dünya dinlərinin həmrəyliyi kontekstində” beynəlxalq festival başlayıb.
Bilik Fondundan "Report"a verilən məlumata görə, tədbirin birinci günü Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəlik rəsmilərinin təmsil etdikləri xalqların Novruz adətlərindən bəhs edən elmi-praktik konfrans olub.
Tədbiri Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov açaraq Azərbaycanda Novruzun çox qədim dövrlərdən qeyd edildiyinə diqqət çəkib, Qobustan qayalarında həkk olunan rəsmlərdə bu izlərə rast gəlindiyini söyləyib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Novruzun dostluq, qardaşlıq, əmin-amanlıq bayramı olduğunu, bu bayramda savaşa, küsülülüyə, ayrılığa yer olmadığını deyib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Gündüz İsmayılov dinlə Novruzun vəhdətindən söz açıb. Komitə rəsmisi dünyanın hazırkı mənzərəsinin aqressiya, kin, dağıdıcılıq xətləri ilə ştrixləndiyini deyərək çıxış yolu kimi yaxşıların ittifaqının yaranmasını təklif edib. Onun sözlərinə görə, bütün insanların bir əcdadı olduğundan İslam Həmrəyliyi insanları həm İslam, həm də bəşər qardaşlığına çağırır.
Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana "Hindistanın Sifi və digər ənənələrində yaz" mövzusunda çıxış edib. Məlum olub ki, Novruz onlarda Basant adı ilə mövcuddur və Bahar bayramının əsas atributu sarı rəngdir. Xardal rəngi kimi təqdim olunan sarı yeni həyata başladıqlarına inanan hindistanlıların bütün məişətini bəzəyir.
Misir Təhsil və Mədəniyyət Əlaqələrinin müdiri Əhməd Sami Elaydi “Şam ən-Nəssim - Bahar bayramı" mövzusunda danışarkən təmsil etdiyi ölkədə bayram günü adamların gəzintiyə çıxıqlarını, "Sürpriz qatar" adlı qatarla tanımadıqları, bilmədikləri bir şəhərə getdiklərini, o şəhərdə təntənəli tədbirlər keçirdiklərini deyib.
İran Mədəniyyət Mərkəzinin müdiri İbrahim İbrahimli "Novruz - sülh və əminamanlıq körpüsü" mövzusunda danışarkən bildirib ki, İran və Əfqanıstandan başqa heç bir ölkədə Baharın gəldiyi gün təqvimin başlandığı tarixlə eyniyyət təşkil etmir.
Yaponiyanın Azərbaycandakı səfirliyinin 3-cü katibi Saki Uçidate "Yaponiyada bahar" mövzusunda slayd nümayiş etdirib.
Sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva "Azərbaycan xalqının milli-ənənəvi bayramı" mövzusunda çıxış edərək Novruzun 4500 il əvvəl Zərdüştlük dövrünə təsadüf etdiyini arxeoloji qazıntılar zamanı aşkara çıxan əşyaların şəkilləri üzərində isbatlayıb.
AMEA-nın Arxeologiya və Etnoqarfiya İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Piriağa İsmayılzadə tarixə ekskurs edərək "Novruz bayramı türk xalqlarının mənəvi dəyərlər sistemində" mövzusunda faktlar səsləndirib. O bildirib ki, Novruz əsasən təsərrüfat bayramıdır. Yerin oyanışı təsərrüfatda özünü daha bariz göstərdiyindən və ellərə bərəkət, ruzi gətirdiyindən Novruz bütün insanlığın bayramı hesab olunur.
Festivalın növbəti günlərində tələbələrinin ifasında musiqi nömrələri, Novruz bayramı və yazın gəlişi ənənəsinə həsr olunmuş videosüjet nümayiş olunacaq, Azərbaycanda təhsil alan əcnəbi tələbələr festivalda öz ölkələrindən qonaq olan nümayəndələr ilə görüşəcəklər.
Festival martın 17-də başa çatacaq.