Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanda mədəni irsin qorunub saxlanılmasının təbliği məqsədilə I “Fantaziya” festivalı keçiriləcək.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestudis Yankauskas mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tədbir "Avropa mədəni irs ili" münasibətilə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı və quruma üzv dövlətlərin, xüsusilə Almaniya, Fransa, Yunanıstan, Polşa, Xorvatiya, Hollandiya və Macarıstan səfirlikləri ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.
Qeyd edək ki, noyabrın 1-10-da Bakıda keçiriləcək festival çərçivəsində konsertlər, ekskursiyalar, seminarlar, film nümayişləri, sərgilər, müsabiqələr, yerli və xarici mütəxəssislərlə görüşlər kimi müxtəlif tədbirlər təşkil olunacaq.
Festivalın adı Bakıda XIX əsrin sonlarında inşa edilmiş və Şərqlə Qərb üslublarının vəhdətini təqdim edən məşhur memarlıq incisi olan “Fantaziya” hamamından götürülüb.