Bakı. 5 may. REPORT.AZ/ Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi keçirilir.
"Report"un xəbərinə görə, forumda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak edirlər.
Dövlət başçısı mərasimdə nitq söyləyir.
Tədbir çərçivəsində həm Azərbaycan tərəfinin, həm də tərəfdaş qurumların təklifləri ilə bir sıra yeni beynəlxalq təşəbbüslərin əsasının qoyulması nəzərdə tutulur. Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcək.
Forumda 800-dən çox xarici nümayəndə iştirak edir. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər daxildir. Artıq qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilən Forumda ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində təmsil olunur.
Forum çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, 40-dək sessiya və tədbir keçiriləcək.