“Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzi tərəfindən fəaliyyətə başlayan animasiya studiyası layihəsi çərçivəsində müxtəlif növ animasiya, kompüter incəsənəti, “digital art” və s. ilə məşğul olunacaq.
Bu barədə “Report”a “Nine Senses”in direktoru Natalya Jukova məlumat verib.
O, bu gün mərkəzdə açılan animasiya miniatürləri sərgisində təqdim olunan “frizlayt” kimi animasiya və fotoqrafiya üslublarından danışıb.
Rejissor Emin Mirabdullayevin sözlərinə görə, animasiya kinodan əvvəl yaranıb və buna görə də onu kinonun “böyük bacısı” adlandırılmaq olar: “Animasiya yaratmaq üçün sizə müxtəlif bacarıqlar lazımdır. Buraya, məsələn, rəsm çəkmək, insan anatomiyasına dair biliklərə malik olmaq, hətta animasiya üçün musiqi yaratmaq məqsədilə bəstəkar olmaq daxildir”.
Qeyd edək ki, bu gün Beynəlxalq Animasiya Günü çərçivəsində “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzi dünya animasiyası üzrə interaktiv giriş dərsi keçirib. Tamaşaçılar yeni studiyada animasiya videosunun yaradılmasında iştirak edə və “stop-motion” üslubunda “cut-out” animasiyasının necə yaradıldığını görə biləcəklər.