Azərbaycanda dövlət səviyyəsində mühafizə olunan abidələrin sayı 6 000-dən çoxdur.
"Report" xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" forumunda çıxışı zamanı məlumat verib.
"Hazırda ölkəmizdə dövlət mühafizəsinə götürülmüş 6 308 abidə mövcuddur. 1 400-dən artıq tarix və mədəniyyət əhəmiyyətli obyekt yeni aşkar edilmiş abidə qismində qeydə alınıb. 26 tarix-mədəniyyət qoruqları fəaliyyət göstərir. Onlardan 4-ü UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib", - o vurğulayıb.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə ilk abidələrin bərpa edilməsi məhz Heydər Əliyev Fondunun səyləri nəticəsində mümkün olub: "Ölkə rəhbərliyinin tapşırığı ilə Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin, Milli Xalça Muzeyinin Şuşa filialının, Mehmandarovların malikanə kompleksinin, Ağdamda Cümə məscidinin bərpası Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəni irsinin qorunması adına görülən çoxsaylı işlərdən yalnız bir neçəsidir".