Bakı. 4 mart. REPORT.AZ/ Prezident
"Report"un məlumatına görə, sərəncam Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi daşıyır.
Sərəncamla Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,8 milyon manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200 min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100 min manat ayrılıb.
Sərəncamda bildirilib ki, Azərbaycan teatr sənəti ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynamışdır. Xalqımız milli ədəbiyyatın qiymətli nümunələri ilə yanaşı, dünya dramaturgiyasının inciləri ilə məhz Azərbaycan teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişdir. Cəmiyyətimizdə milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanması və estetik zövqün formalaşdırılmasında teatrın əvəzsiz xidmətləri vardır.
Azərbaycan teatrının fəaliyyəti həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir. Milli teatrın parlaq bədii irsinin qorunması, teatr sahəsində islahatların aparılması, teatr mədəniyyətinin təbliği və bütövlükdə Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilir.