Oktyabrın 3-də Türkiyənin İstanbul şəhərində IV Etnospor Mədəniyyət Festivalı keçiriləcək.
"Report"un Türkiyə bürosunun məlumatına görə, tədbir Dünya Etnospor Konfederasiyasının təşkilatçılığı ilə Atatürk Hava Limanında baş tutacaq.
Festivalda Argentina qonaq qismində olmaqla 16 ölkə iştirak edəcək.
Tədbirdə Azərbaycanı Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndə heyəti, Qarabağ atlarından ibarət süvari dəstə təmsil edəcək. Eyni zamanda DSX-nin rəqs ansamblı festivalda “Qarabağ atları və Azərbaycan kəlağıyısı” kompozisiyasını ifa edəcək.
Tədbirdə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkmənistan, Nigeriya, Sudan, Qazaxıstan, Mərakeş, Kot dİvuar, Fələstin, İraq, Özbəkistan, Pakistan, Rumıniya və Zimbabvenin milli yeməkləri də nümayiş olunacaq.
Festival çərçivəsində oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçiriləcək. Minə yaxın idmançı müxtəlif kateqoriyalarda qızıl medal uğrunda mübarizə aparacaq.
Tədbirə oktyabrın 6-da yekun vurulacaq.
Vüsalə Abbasova