Azərbaycan Ankarada keçirilən kitab sərgisində fəxri qonaq ölkə qismində təmsil olunub.
“Report”un Ankara bürosu xəbər verir ki, sərginin açılışı mərasimi “ATO Congresium Mərkəzi”ndə baş tutub.
21-ci Ankara Kitab Sərgisinin açılışında çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, bu sərginin tarixində Azərbaycan ilk dəfə ölkə kimi təmsil olunur.
Səfir qeyd edib ki, kitabsevərlərin böyük maraq göstərdiyi sərgi Azərbaycan ədəbiyyatının türk oxuculara təqdim olunması baxımından önəmli platformadır.
Sərginin beynəlxalq fəxri qonağı olan Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov kitabın və mütaliənin insanın dünyagörüşünün formalaşmasına təsirindən danışıb.
Rəsmi hissədən sonra qonaq ölkə qismində Azərbaycanın kitab stendinin açılışı olub.
Kitab stendinin açılışında Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu iştirak edib.
Açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs kollektivinin ifası ilə milli rəqslər də təqdim olunub.
Qeyd edək ki, 10 gün davam edəcək sərgidə Azərbaycanın müxtəlif nəşriyyatlarında işıq üzü görən kitablar sərgilənir.