Aygün Bəylər dəfn olunub - YENİLƏNİB-2

Aygün Bəylər dəfn olunub - YENİLƏNİB-2 Mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi keçirilir.
Mədəniyyət siyasəti
8 Yanvar , 2024 13:47
Aygün Bəylər dəfn olunub - YENİLƏNİB-2

Azərbaycanın Əməkdar artisti Aygün Bəylər (Hümmətova) dəfn olunub.

“Report” xəbər verir ki, mərhum Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində A.Bəylərin ailə üzvləri, sənət adamları iştirak ediblər.

12:58

Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi başa çatıb.

“Report” xəbər verir ki, Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində təşkil olunan vidaya mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin rəsmiləri, sənət adamları qatılıblar.

Çıxış edənlər Əməkdar artistlə bağlı xatirələrini bölüşüblər.

Bəstəkar Cavanşir Quliyev A.Bəylərin sənətə gəlməsindən danışıb. O deyib ki, A.Bəylərin ifasını qiymətləndirmək üçün ilk dəfə "Qaragilə" mahnısını oxumağını istəyib: "Birinci görüşümüzdə dedi ki, mahnı oxumaq istəyirəm. Mən də həmişə müğənniləri "Qaragilə" mahnısı ilə yoxlayıram. Dedim, oxuya bilərsənmi? Cavab verdi ki, sözlərini yaxşı bilmirəm. Sözləri yazıb verdim, oxudu. Elə oxudu ki, dedim sənə kim deyib ki, oxuya bilmirsən? Beləcə Aygünün müğənnilik həyatı başladı".

Xalq artisti Həmidə Ömərova mərhum Əməkdar artistin son konsertində iştirak etdiyini söyləyib: "Aygün Bəylər çox sevincli idi. Elə bil ki, birinci dəfə oxuyurdu. O konserti çox böyük ustalıqla verdi. Biz onu çox sevirdik və hər zaman da sevəcəyik".

Bacısı Zümrüd Hümmətova A.Bəylərin müalicəsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya, Heydər Əliyev Fonduna təşəkkür edib.

Hazırda mərhumun nəşi dəfn edilmək üçün Suraxanı kənd qəbiristanlığına aparılır.

11:00

Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin rəsmiləri, sənət adamları iştirak edirlər.

Əməkdar artist Suraxanı kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Türkiyədə xəstəxanada vəfat edib.

Son xəbərlər

Orphus sistemi