Amerikalı jurnalistlər ağdamlı Adil Şükürovun hekayəsini ekranlaşdırıblar

Amerikalı jurnalistlər ağdamlı Adil Şükürovun hekayəsini ekranlaşdırıblar Bu ilin iyul ayında Qarabağı ziyarət edən bir qrup amerikalı jurnalist ağdamlı Adil Şükürovun 30 illik Vətən həsrəti ilə keçən ömür yolunu və onun Cümə məscidi ziyarət edən yerli və xarici qonaqlara təqdim etdiyi samovar çayının hekayəsini ekranlaşdırıb.
Mədəniyyət siyasəti
22 Avqust , 2023 03:18
Amerikalı jurnalistlər ağdamlı Adil Şükürovun hekayəsini ekranlaşdırıblar

Bu ilin iyul ayında Qarabağı ziyarət edən bir qrup amerikalı jurnalist ağdamlı Adil Şükürovun 30 illik Vətən həsrəti ilə keçən ömür yolunu və onun Cümə məscidi ziyarət edən yerli və xarici qonaqlara təqdim etdiyi samovar çayının hekayəsini ekranlaşdırıb.

“Report” xəbər verir ki, 20 noyabr 2020-ci il tarixində Azərbaycan ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin işğalından azad edilən Ağdam rayonu ərazisində yerləşən Cümə məscidini ziyarət edən yerli və xarici qonaqlar Ağdam sakini Adil Böyükkişi oğlu Şükürovu yaxşı tanıyırlar. A.Şükürov mütəmadi olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə təmiri davam edən Ağdamın Cümə məscidində aparılan yenidənqurma işləri ilə tanış olan yerli və xarici qonaqlara çay süfrəsi açır və 30 il öncə dilədiyi arzusunu həyata keçirir.

“Report”a müsahibəsində A.Şükürov bildirib ki, Ağdam 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunduğu zaman onun 29 yaşı olub: “1964-cü ildə Ağdam rayonunda doğulmuşam. Bizim evimiz şəhərin mərkəzində “Sarı təpə” deyilən yerdə idi. Digər ağdamlılar kimi mən də 30 il öncə öz ailəmlə Ağdamdan çıxmaq məcburiyyətində qaldım. Çox ağır zamanlar idi, çadırlarda gecələdik, əziyyətli günlərdən keçdik. İki oğlum var, artıq onlar böyüyüblər. Biz ötən illər ərzində Vətənlə nəfəs aldıq və bizi yaşadan da bir gün bu torpaqlara geri dönmək arzusu idi. Bütün çətinliklərə baxmayaraq hər zaman içimizdə ümid vardı ki, biz bir gün öz el-obamıza dönəcəyik və Allah bizə bu günləri görməyi qismət etdi. Nəhayət ki, ölkə başçımızın və Azərbaycanın qəhrəman oğullarının sayəsində biz öz ata-baba yurdumuza qayıtdıq. Mənim ən böyük arzumlarımda biri də torpaqlarımız işğaldan azad olduqdan sonra Ağdama gəlib, könüllü olaraq bölgədə işləmək idi”.

A.Şükürov Ağdam işğaldan azad olunduqdan sonra illər öncə aldığı samovarı Ağdama gətirib və Cümə məscidi ziyarət edən yerli və xarici qonaqlara Azərbaycan çayının bəxş etdiyi milli ab-havalı çay süfrəsı təqdim edir: “Bundan 25 il öncə bazardan böyük bir samovar aldım və dedim ki, bir gün Ağdam azad olunacaq və mən Ağdama gedib, samovar çayı hazırlayıb, Ağdama gələn qonaqlar üçün çay süfrəsi açacam. Bilirsiniz ki, azərbaycanlılar xeyirdə də, şərdə də çay içirlər. Heç bir hadisə çaysız başa gəlmir. Azərbaycanda armudu stəkanlarda samovar çayını sevməyən yoxdur. İndi geri dönüb, illərdir həsrət qaldığım Vətənimə xidmət etməyə çalışır və həsrətimi bir az da olsa beləcə dindirirəm. Övladlarım və ailəm də bura gəlmək istəyirlər. Ancaq burada hələ ki şəraitimiz yoxdur. Şəhərdə yenidənqurma, minatəmizləmə işləri davam edir. Evlərimiz hazır olan kimi ailəm də Ağdama gələcək. Mən isə Cümə məscidi yenidən istifadəyə açılana qədər məscidə gələn qonaqlara çay süfrəsi açmağa davam edəcəyəm. Məscid açıldıqdan sonra samovarı məscidə hədiyyə edib, öz işimə geri dönəcəyəm”.

A.Şükürov Ağdamı ziyarət edən amerikalı jurnalistlərin onunla müsahibəsindən də danışıb: “Xarici qonaqlar samovar çayını içib, Azərbaycanın milli şirniyyatlarının dadına baxdılar. Onlar ilk dəfə idi ki, samovar çayı ilə tanış olurdular. Çox bəyəndilər və şəkillər, videolar çəkdilər. Mənim hekayəm onlar üçün olduqca maraqlı idi. Onlara 30 il ərazində çəkdiyimiz əziyyətlərdən və Vətən həsrətimdən danışdım. Xoşbəxtəm ki, ermənilərin uzun illərdir söylədikləri yalanlar gün üzünə çıxır. Bütün dünya bu torpaqların əsl sahiblərinin kim olduğunu öyrənir”.

Son xəbərlər

Orphus sistemi