"Nəsimi irsini Qərbdə daha yaxından tanıtmalıyıq".
Bunu "Report"un Fransa bürosuna açıqlamasında almaniyalı alim, tanınmış nəsimişünas Mixael R. Hess bildirib.
O, Nəsimi yaradıcılığını on il əvvəl araşdırmağa başladığını söyləyib: "Əvvəllər Nəsiminin dilini anlamaq mənim üçün elə də asan deyildi. Lakin qeyri-adi ritm və harmoniyaya malik bu poeziyada ədəbi əsərlərə məxsus xüsusi bir qüvvə hiss olunurdu. Nəsiminin təqiblərə məruz qalması, məhkum olunması və qətlə yetirilməsi Qərb ölkələrində onun yaradıcılığına marağı daha da artırır. Hər zaman bir neçə məna ifa edən bu qədim və zəngin poeziyanı izah edə bilmək üçün Azərbaycan dilini daha da mükəmməl öyrənməyə çalışırdım".
Mixael R. Hess Nəsimi fəlsəfəsinin Avropa universitetlərində tələbələrin böyük maraqla öyrəndiklərini deyib: "Bu günə qədər bir çox təhsil ocaqlarında Nəsimi irsini tədris etmişəm. Tələbələrim bu qədim və zəngin irsi böyük maraqla öyrənirlər. Bir tərəfdən, Nəsimi poeziyasında xüsusi bir eleqantlıq mövcuddur. Digər tərəfdən, Nəsiminin bütün çətinliklərə baxmayaraq, insanlarla ünsiyyət qurmağa, onlarla dil tapmağa nail olması böyük maraq doğurur. Biz bütün bunlarla yanaşı Nəsimi yaradıcılığı vasitəsilə Azərbaycandakı tolerantlıq ənənələrini də araşdırmağa və Qərbdə təbliğ etməyə nail oluruq".
Almaniyalı alim Nəsiminin 650 illik yubileyi münasibətilə bu ilin sentyabrında ingilis dilində işıq üzü görmüş kitabına da toxunub: "Nəsiminin poeziyasından ibarət kitabın ingilis dilində işıq üzü görməsi onun yaradıcılığının Qərb ölkələrində tanınması üçün geniş imkanlar yaradır. Çünki Nəsimi bu günədək Qərbdə layiq olduğu qədər tanınmayıb. O, Mövlana Cəlaləddin Rumi, Nizami Gəncəvi qədər məşhur deyil. Bu kitabın təqdimatını müxtəlif beynəlxalq tədbirlərdə, tədris ocaqlarında keçirəcəyik. Nəsimi irsini Qərbdə daha yaxından tanıtmalıyıq".