Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasını ziyarət edib.
Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.
Kinostudiyanın direktoru Nazim Hüseynov naziri ərazi və inzibati binalardakı şəraitlə tanış edib.
Müəssisəyə baxış zamanı fəaliyyətin günün tələbləri səviyyəsində qurulması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Daha sonra mədəniyyət naziri Adil Kərimli Dövlət Film Fonduna da baş çəkib.
Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev öncə naziri ümumi ərazi ilə tanış edib. Bildirib ki, Dövlət Film Fondu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Nazirlər Kabinetinin 22 dekabr 1993-cü il tarixli sərəncamına əsasən yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, 2008-ci ildə Dövlət Film Fondu üçün yeni bina istifadəyə verilib.
Mədəniyyət naziri Adil Kərimli ümumi sahəsi təxminən 6,6 min kvadrat metr olan Azərbaycan Dövlət Film Fondunun texniki avadanlıqlarla təchiz edilmiş inzibati otaqlar, laboratoriya, tamaşa salonu, yardımçı otaqlarla, həmçinin Fondda filmlərin saxlanılma və bərpa şəraiti, filmlərin saxlanma boksları, lentlərin bərpa avadanlıqları və digər texniki imkanları ilə tanış olub.
Nazirə Film Fondunun nəzdində fəaliyyət göstərən Kino Muzeyinin eksponatları haqqında geniş məlumat verilib, diqqətinə çatdırılib ki, hər il Film Fondunda Azərbaycan kino xadimlərinin xatirələrinə həsr olunmuş tədbirlər, yubiley və xatirə gecələri təşkil olunur, şəxsi arxiv fondları yaradılır və hazırda Fondda qorunan ümumi saxlanma vahidlərinin sayı 80.000-i ötüb.
Sonra mədəniyyət naziri Film Fondunun hazırkı dövrdə qarşılaşdığı problemlərlə maraqlanıb və qurumun gələcəkdə də dövlət qayğısı ilə əhatə olunacağını xüsusi vurğulayıb.