Yaponiya taxtının varisi Şahzadə Akişinonun qızı və imperator Naruhitonun qardaşı qızı Yapon şahzadəsi Mako çərşənbə axşamı ( 26 oktyabr - Red) tələbə yoldaşı Kei Komuro ilə ailə həyatı quracaq.
“Report” xəbər verir ki, bu münasibətlə heç bir mərasim olmayacaq. Nikah Tokioda İmperator Administrasiyasının nümayəndəsi tərəfindən qeydə alınacaq. Bundan sonra yeni evlənənlər mətbuatla görüşəcək.
Onlar adi mətbuat konfransı əvəzinə jurnalistlərin iştirakı ilə bəyanatla çıxış edəcəklər. Həmçinin mətbuat nümayəndələri əvvəlcədən verilən suallara yazılı cavablar alacaqlar. Bu format şahzadənin stress keçirməsi və ictimaiyyətin toyla bağlı çoxlu mənfi reaksiyaları səbəbindən seçilib.Toydan əvvəl Mako valideynlərinə - Akişinoya və Şahzadə Kikoya, həmçinin babası və nənəsi, keçmiş İmperator Akihito və Miçikoya baş çəkəcək.
Bu görüşlər vida xarakteri daşıyır. Çünki evləndikdən sonra Mako imperator ailəsini tərk edir deyə Yaponiyanın adi vətəndaşı olacaq. Eyni zamanda, o, buna görə ona ödənilməli olan 150 milyon yen (1,3 milyon dollardan çox) məbləğində dövlət müavinətini almaqdan da imtina edib.
Şahzadə və tələbə yoldaşı Komuronun toyu əvvəlcə 2018-ci ilin noyabrına planlaşdırılsa da, təxirə salınıb. Bununla bağlı rəmi izahatlar verilib. Lakin gecikmənin əsl səbəbi bəyin anası ilə keçmiş rəfiqəsi arasında yaranan maliyyə mübahisələri barədə xəbərlər olub. Qadın Komuronun təhsili üçün ayrılmış 4 milyon yen (təxminən 35 min dollar) geri qaytarılmasını tələb edir. Maliyyə mübahisəsi hələ də həllini tapmayıb.
Şahzadə Mako vəliəhd şahzadə Akişinonun böyük qızıdır. Akişinonun daha iki övladı var: Şahzadə Kako və Şahzadə Hisahito. Mako Akihitonun evlənən ilk nəvəsi olacaq. Bundan sonra imperator ailəsində 18 üzv, o cümlədən evli olmayan 6 şahzadə qalacaq. Beləliklə, Yaponiyada monarxlar sülaləsinin sürətlə azalması problemi daha da kəskinləşir.
2005-ci ildə Yaponiyanın imperator ailəsində Akihito və Mitikonun yeganə qızı Şahzadə Sayako dövlət məmuru Yoşiki Kuroda ilə evləndiyi zaman oxşar hadisə baş vermişdi. O, şahzadə titulunu itirsə də, 150 milyon yeni almışdı. .