Hərbi geyim rəngində gəlinliklər: ehtiyatda olan polkovnik narazıdır

Hərbi geyim rəngində gəlinliklər: ehtiyatda olan polkovnik narazıdır Bakıda yeni ailə quran xanımlara hərbi geyimdə gəlinlik təklif olunur. Hərbi gəlinliyə üstünlüyü isə daha çox hərbçilərin nişanlıları verirlər.
Maraqlı
1871
10 Noyabr , 2021 16:40
Hərbi geyim rəngində gəlinliklər: ehtiyatda olan polkovnik narazıdır

Bakıda yeni ailə quran xanımlara hərbi geyim rəngində gəlinlik təklif olunur. Paytaxtın müxtəlif gəlinlik mağazalarında belə geyimlərə rast gəlmək mümkündür.

Dizayner, sahibkar Zülfiyyə Dünyamalıyeva “Report”a açıqlamasında bildirib ki, gəlinlik Zəfər Günü münasibətlə hazırlanıb.

"Dizaynı özüm vermişəm, dərzi bir günə tikib hazırlayıb. Həddindən artıq soruşan, maraqlanan çoxdur, əsasən də hərbçilərin nişanlıları fotosessiya üçün maraqlanırlar. Geyim yaxşı mənada səs-küyə səbəb olub. Biz onu kirayə üçün nəzərdə tutmamışıq, bundan pul qazanmaq fikrim də yoxdur. Bəziləri yazırlar ki, paltar açıq-saçıqdır. Hansı bir xanım çəkiliş edəcəksə, parçadan ona uyğun qol və ya sinə qoyacağam. Düşünürdüm ki, yaşıl muncuqlarla paltarın üzərində işləyim, sonra fikrimdən daşındım, çünki bu hərbi geyimə müdaxilə olardı. Üzərində yaşıl tüldən örtük vermişəm, bu həm də fatanı xatırladır”, - deyə o vurğulayıb.

Zülfiyyə Dünyamalıyeva
Zülfiyyə Dünyamalıyeva

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov "Report"a açıqlamasında son vaxtlar bu kimi mövzuların çox aktual olduğunu söyləyib: "Hərbi geyimə, o rəngdə olan parçaya hörmətlə yanaşmaq lazımdır, heç bir halda bu parçanı ucuzlaşdıra bilmərik. Bu forma bizim şəhidlərimizin əynində döyüş meydanında, zəfərimizin əldə olunmasında iştirak edib, bu forma Azərbaycan xalqının qeyrət simvoludur".

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

"44 günlük Vətən müharibəsi və Zəfər bayramından sonra şəhərdə hərbiyə aidiyyəti olmayanların hərbi geyim geyinməsi hallarına rast gəlirik. Rəngini başa düşdük, ancaq hərbi parça nədir, gəlin paltarı nədir? Ermənilər bu görüntülərdən əleyhimizə istifadə edə bilərlər. Bunun çox sadə bir adı var: “qaş düzəldən yerdə vurub göz çıxarmaq”. Hətta bəzi şou-biznes adamları Azərbaycan bayrağından qeyri-adi formalar tikdirib televiziyalara çıxırlar. Onu geyinməklə daha çox vətənpərvər olmurlar, özümüz özümüzü gülünc vəziyyətə qoyuruq. Mən bunun qəti əleyhinəyəm. Müvafiq qurumlardan xahiş edirəm ki, bu mənzərəyə yol verməsinlər, əks halda qanun var, cəza var”, - hərbi ekspert vurğulayıb.

Son xəbərlər

Orphus sistemi