Bakı. 8 oktyabr. REPORT.AZ/ Əfqanıstan Ali Audit Ofisinin rəhbəri, ölkənin baş auditoru Muhəmməd Şərif Şərifinin rəhbərlik etdiyi nümayəndə heyəti Hesablama Palatasında qurumun sədri Vüqar Gülməmmədovla görüşüb.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, qonaqlar Bakıya oktyabrın 9-10-da Hesablama Palatasının ev sahibliyi ilə keçirilən ECOSAI-ın İdarə Heyətinin 23-cü və Təlim Komitəsinin 18-ci toplantısında iştirak etmək üçün gəliblər.
M.Ş.Şərifi iki ölkənin ali audit qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirib. Görüş zamanı ECOSAI-ın üzv ali audit qurumları üçün həyata keçirdiyi tədbirlərin əhəmiyyəti vurğulanıb və tədbirin təşkilatın özü və üzv dövlətlər üçün olan əhəmiyyəti diqqətə çatdırılıb.
Bundan başqa, hər iki ölkənin kənar dövlət maliyyə nəzarəti orqanı olaraq qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.