Bakı. 25 noyabr. REPORT.AZ/ Türkiyə milli valyutası - lirə son bir ay ərzində 12,7%, son iki ayda isə 17,7% devalvasiyaya uğrayıb.
"Report" xəbər verir ki, türk lirəsinin devalvasiyasına səbəb ABŞ-da bu il dekabrın 13-14-də uçot dərəcəsinin artırılması ilə bağlı gözlənilən qərarı, dolların dünya valyuta bazarında möhkəmlənməsi, Türkiyənin geosiyasi vəziyyəti, Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında yaranan problemlər göstərilir.
Qeyd edək ki, dünən, noyabrın 24-də Aİ Türkiyənin bu ittifaqa üzvlüyü ilə bağlı müzakirələri dondurmaq qərarına gəlib. Bu qərar Türkiyədə milli valyutanın ucuzlaşmasına gətirib çıxarıb. Dünən dolların məzənnəsi 3,46 TRY/USD səviyyəsini ötərək tarixi rekord səviyyəyə çatıb.
Türkiyə Mərkəzi Bankının (TCMB) dünən səhər bir həftəlik repo faizlərini 7,5%-dən 8%-ə, faiz dəhlizinin üst həddini 8,25%-dən 8,5%-ə yüksəltdikdən sonra məzənnə 3,42 TRY/USD-dən 3,37-ə enib. Lakin Aİ səsverməsi TCMB-nin qərarının valyuta bazarına təsirini sıfıra endirib.
"Report"un analitik qrupu lirənin ucuzlaşma tendensiyasının mərhələli şəkildə davam edəcəyini proqnozlaşdırır: "İlin sonuna Türkiyədə dolların məzənnəsi 3,50 TRY/USD, 2017-ci ildə isə 3,90 TRY/USD-yə qədər arta bilər. Ümumiyyətlə, lirənin ucuzlaşmasının yaxın 2-3 ildə intensiv şəkildə davam etməsi gözlənilir. Buna səbəb, dünyada gedən proteksionist iqtisadi meyllərin ticarət həcmini azaltması fonunda Türkiyə kimi ixracyönümlü ölkələrin ixracına mənfi təsiri, Türkiyənin tədiyyə balansındakı yüksək kəsir, turizm gəlirlərinin azalması və s. amillər göstərilir".