AMB: İqlim dəyişikliyi risklərlə yanaşı yeni biznes fürsətləri yaradır

Biznes
  • 27 noyabr, 2026
  • 11:49
AMB: İqlim dəyişikliyi risklərlə yanaşı yeni biznes fürsətləri yaradır

İqlim dəyişikliyinin təsirləri bütün sektorlar üçün eyni deyil, bəzi sahələr üçün risklər yarandığı halda, digərləri üçün yeni biznes imkanları formalaşa bilər.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı Maliyyə şöbəsinin aparıcı iqtisadçısı Abdul Bağı Nəbiyev bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin riskləri ilə yanaşı, müəyyən sahələr üçün yaratdığı fürsətlər də nəzərə alınmalıdır:

"Məsələn, isti günlərin sayının artması turizm sektoru üçün yeni imkanlar aça bilər. Eyni zamanda, pambıq istisevən bitki olduğu üçün temperaturun yüksəlməsi bəzi ərazilərdə pambıqçılığa müsbət təsir göstərə bilər".

AMB rəsmisi əlavə edib ki, iqlimlə bağlı keçid riskləri həm makroiqtisadi səviyyədə, həm də ev təsərrüfatları və biznes subyektləri üzərindən iqtisadiyyata təsir göstərir:

"İstehlakçı tələbi dəyişir, biznes modelləri yenilənir, aktivlər üzrə məhdudiyyətlər yaranır və bununla bağlı yeni risklər meydana çıxır. Makroiqtisadi səviyyədə isə əmək bazarında uyğunsuzluqlar və qiymət dəyişiklikləri, xüsusilə inflyasiya müşahidə oluna bilər. Kənd təsərrüfatında quraqlıq baş verdikdə bunun ərzaq istehsalı və təchizatı vasitəsilə inflyasiyaya təsir göstərməsi gözlənilir. Maliyyə sektorunda isə bu təsirlər əsasən kredit və bazar riskləri formasında özünü göstərir".

A.Nəbiyev fiziki risklərin qiymətləndirilməsi zamanı düzgün indikatorların seçilməsinin vacibliyini də vurğulayıb:

"Məsələn, yağıntı ilə bağlı riskin ölçülməsi üçün birgünlük, yoxsa beşgünlük yağıntı göstəricilərinin götürülməsi vacib məsələdir. Temperaturla bağlı isə 35 dərəcədən yüksək olan günlərin sayını əsas götürə bilərik. Belə günlərin sayının artması quraqlıq riskinin yüksəlməsinə işarə edir".