"Turan Bank"ın mənfəəti 7 dəfədən çox artıb
- 17 iyul, 2020
- 07:18
Yeniliklərdən dərhal xəbərdar olun!
"Turan Bank" ASC bu ilin I yarısını 1,1 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,45 dəfə çoxdur.
Yanvar-iyun aylarında "Turan Bank"ın gəlirləri 20 milyon manat (illik müqayisədə 11,5% çox), xərcləri 18,7 milyon manat (4,4% çox), xüsusi ehtiyatlara ayırmaları isə 256 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə "Turan Bank"ın aktivləri 522,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,3% çoxdur. Bunun 341,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,7% böyüyüb.
Hesabat dövründə "Turan Bank"ın öhdəlikləri 1,1% artaraq 446,6 milyon manata çatıb, o cümlədən depozit portfeli 2,1% azalaraq 255,3 milyon manata düşüb, balans kapitalı isə 9,6% artaraq 75,9 milyon manat, o cümlədən nizamnamə kapitalı 7,7% artaraq 70 milyon manat təşkil edib.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 57,8%-i 20 fiziki şəxsə, 42,2%-i isə 8 hüquqi şəxsə məxsusdur.