"Standart Insurance" şirkəti III rübdə 6 mln. manat sığorta haqqı toplayıb
- 07 noyabr, 2014
- 13:43
Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın “Standard Insurance” ASC-nin 2014-cü ilin III rübü ərzində topladığı ümumi sığorta haqlarının həcmi 5,45 mln. manat təşkil edib. Bu barədə "Report"a şirkətin baş ofisindən məlumat verilib.
Burada, yığım payının 76%-ni avtomobillərin kasko sığortası, daşınmaz əmlakın sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və tibbi sığorta növləri təşkil edib. Ümumilikdə, III rübdə yığım payının 24%-ni digər sığorta növləri, yəni məsuliyyət sığortaları, səfər sığortası və fərdi qəza sığortasına aiddir.
Hazırda sığorta haqlarının yığımına görə şirkət ölkədə fəaliyyət göstərən 28 sığorta şirkəti arasında TOP-10-a daxildir.
“Standard Insurance” ASC-nin Satış Departamentinin direktoru, İdarə Heyətinin üzvü Orxan Vəliyevin sözlərinə görə, sığorta şirkəti iki növbəli və 6 günlük iş rejiminə keçib. Beləliklə, artıq həftənin beş günü 09:00-dan 20:00-dək və şənbə günləri 10:00-dan 15:00-dək şirkətin baş ofisi fəaliyyət göstərir.