“S&P”: Azərbaycan bank sektorunda islahatlar üzrə regionda aparıcı ölkələrdəndir
- 07 may, 2025
- 11:59
Yeniliklərdən dərhal xəbərdar olun!
"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Avropa, Yaxın Şərq və Afrikadakı (EMEA) inkişaf etməkdə olan bazarların (EMs) əksəriyyətinin böhran vəziyyətlərində bank tənzimləmə rejimlərinin tətbiqinə ehtiyatlı yanaşmanı qoruyub saxlayacaqlarını proqnozlaşdırır.
Bu barədə “Report” “S&P"yə istinadən xəbər verir.
Agentlik Azərbaycanın bank sektorunda həyata keçirilən uğurlu islahatları da qeyd edib.
"Azərbaycan və Qazaxıstan kimi bəzi ölkələr bank tənzimləməsi və nəzarətinin keyfiyyətini artırmağa yönəlmiş islahatlar həyata keçirirlər. Lakin digər ölkələrdə aşağı şəffaflıq, qeyri-sabit institusional mühit və siyasi müdaxilə kimi amillər prosesi ləngidir. Nəticədə, davamlı tənzimləmə üçün hüquqi mexanizmlərin olmadığı bir çox yurisdiksiyalarda tənzimləyicilər bank böhranlarına cavab vermək üçün hələ də müvəqqəti tədbirlərə əl atırlar", - hesabatda qeyd olunub.
Tənzimləmə rejimi dedikdə, sistem əhəmiyyətli bir bank ödəmə qabiliyyətini itirdikdə və maliyyə dayanıqlığını bərpa edə bilmədikdə görülən tədbirlər kompleksi nəzərdə tutulur. “S&P” hesab edir ki, tənzimləyicilərin məqsədi maliyyə qurumunun fəaliyyətini sabitləşdirmək, böhranın maliyyə sisteminin digər seqmentlərinə yayılmasının qarşısını almaq və lazım gəldikdə, biznesin həyat qabiliyyəti olmayan hissələrini ləğv etməkdir.
Agentliyin məlumatına görə, bəzi ölkələrdə banklara kapitalın adekvatlığına dair minimum tələblərə uzun müddət uyğun gəlməsələr belə fəaliyyətlərini davam etdirməyə icazə verilir. Bundan əlavə, bir çox yurisdiksiyalarda hüquqi baza əhəmiyyətli dərəcədə gücləndirilməlidir. Bu, tənzimləyicilərə problemli banklara qarşı effektiv müdaxiləyə və tədbirlər görməyə imkan verir.
“S&P” analitikləri həmçinin bank tənzimləmə mexanizmlərinin hazırlanması və tətbiqində irəliləyiş əldə etmiş bir sıra Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini qeyd ediblər. Ən əhəmiyyətli irəliləyiş Azərbaycan, Ermənistan və Qazaxıstanda əldə edilib.
Gürcüstan isə öz növbəsində belə rejimləri tətbiq edən ölkələr sırasına qoşulub. Agentliy qeyd edib ki, ölkə artıq müvafiq qanunvericiliyi qəbul edib, tənzimləmə fondu yaradıb. Bundan əlavə, Gürcüstan üç sistem əhəmiyyətli bank üçün öz vəsaitləri və öhdəliklərinə dair minimum tələblər müəyyən edib. Həmçinin mərkəzi bankın tərkibində tənzimləmə və ləğvetmə üçün məsul olan ixtisaslaşmış bölməyə resurslar ayırıb.