"Rabitəbank"ın istiqrazlarına 7 investor maraq göstərib

Maliyyə
  • 15 may, 2024
  • 15:51
Rabitəbankın istiqrazlarına 7 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "Rabitəbank" ASC-nin 10 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 100 min ədəd istiqraz premium bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub. İstiqrazlara 7 investor 10 milyon manatlıq 7 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 9,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.