Pakistan Milli Bankının Bakı filialı öhdəliklərini kəskin azaldıb
- 19 oktyabr, 2021
- 06:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistan Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 228 min manat zərərlə başa vurub.
“Report” filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 27,6% azdır.
9 ay ərzində Pakistan bankının gəlirləri 275 min manat (illik müqayisədə 7,1% az), xərcləri 515 min manat (16% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 12 min manat (6 dəfə çox) təşkil edib.
Bu il oktyabrın 1-nə Pakistan bankının aktivləri 9,652 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,1% azdır. Bunun 595 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 36,7% kiçilib.
Hesabat dövründə Pakistan bankının öhdəlikləri 7 dəfə azalaraq 357 min manata, o cümlədən depozit portfeli 7,1 dəfə azalaraq 342 min manata, balans kapitalı isə 1,4% azalaraq 9,295 milyon manata düşüb.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.