Bakı. 5 iyul. REPORT.AZ/ "Nikoil Bank" ASC ötən il avqustun 12-də bir il müddətinə buraxdığı istiqrazların tədavül müddətini artırmaq niyyətində deyil. Bunu "Report"a açıqlamasında Bankın İnkişaf Departamentinin direktoru Rəşad Cümşüdov deyib.
Xatırladaq ki, "Nikoil Bank" dövriyyəyə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 5 min istiqraz (5 mln. dollarlıq) buraxıb. İstiqrazların illik gəlirliliyi hazırda dollarla yerləşdirən əmanətlərlə müqayisədə yüksək (9,5%) olduğundan, qiymətli kağızlar rahatlıqla realizə edilib.
Onun sözlərinə görə, təmsil etdiyi bank istiqrazlara görə öhdəliyini yerinə yetirə bilir. Odur ki, qiymətli kağızların tədavül müddətinin artırılmasına ehtiyac yoxdur.
Xatırladaq ki, bir qədər əvvəl ölkənin digər bankı - "Unibank" 2011-ci il aprelin 6-da 5 il müddətinə buraxdığı istiqrazların tədavül müddətini təxminən 7 ay artırıb. 8% illik gəlirliliyə malik, hər birinin nominal dəyəri 10 000 ABŞ dolları olan 2 500 istiqrazın tədavül müddəti iki mərhələdə (əvvəlcə bu il aprelin 6-dan mayın 15-dək, sonra isə mayın 15-dən noyabrın 15-dək) artırılıb. Buna səbəb ödənişlərin hissə-hissə həyata keçirilməsi olub.