“Naxçıvan Bank”ın depozit portfeli 36 % azalıb

Maliyyə
  • 13 oktyabr, 2023
  • 09:07
“Naxçıvan Bank”ın depozit portfeli 36 % azalıb

“Naxçıvan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 11,36 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 12,441 milyon manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ay ərzində “Naxçıvan Bank”ın gəlirləri 21,714 milyon manat (illik müqayisədə 12,4 % çox), xərcləri 9,387 milyon manat (46,5 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti isə 835 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 1,803 milyon manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il oktyabrın 1-nə “Naxçıvan Bank”ın aktivləri 302,482 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,9 % azdır. Bunun 196,991 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə kredit portfeli 18,9 % böyüyüb.

Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 18,2 % azalaraq 191,947 milyon manata, o cümlədən depozit portfeli 35,8 % azalaraq 103,564 milyon manata düşüb, balans kapitalı isə 1,8 % artaraq 110,482 milyon manata çatıb.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmlərinin 63,66 %-i Hüseyn Məmmədova, 26,52 %-i Rüfət Məmmədova, 9,82 %-i isə Binnət Novruzova məxsusdur.