Natali Mouravidze: "EBRD investisiyalarının Azərbaycanın davamlı gələcəyinə töhfə verməsini təmin etməsi üçün çalışır" - MÜSAHİBƏ

Maliyyə
  • 27 fevral, 2025
  • 13:06
Natali Mouravidze: EBRD investisiyalarının Azərbaycanın davamlı gələcəyinə töhfə verməsini təmin etməsi üçün çalışır - MÜSAHİBƏ

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) yanvar ayında 2025–2030-cu illəri əhatə edən və iqtisadiyyatın şaxələndirilməsi, “yaşıl enerji"nin inkişafı, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və rəqəmsal transformasiyanın dəstəklənməsinə yönəlmiş Azərbaycan üçün yeni strategiyanı təsdiqləyib.

Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze “Report”a müsahibəsində bankın əsas prioritetləri, qeyri-resurs sektorunun maliyyələşdirilməsi imkanları, dəmir yolu və logistika layihələrinin perspektivləri, ölkənin dayanıqlı iqtisadi artımında özəl sektorun rolu barədə danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycanla yeni əməkdaşlıq strategiyasının əsas prioritetləri barədə danışardınız. Bank iqtisadiyyatın şaxələndirilməsini təşviq etmək və karbohidrogen ixracından asılılığı azaltmaq üçün hansı addımları atmaq niyyətindədir?

- İqtisadiyyatın şaxələndirilməsi Azərbaycanda fəaliyyətimizin əsas istiqamətidir və bu, Direktorlar Şurası tərəfindən bu yaxınlarda təsdiq edilmiş yeni ölkə strategiyasında aydın şəkildə öz əksini tapıb. Növbəti beş il ərzində biz özəl sektorun inkişafına, innovasiyalara və daha güclü regional əlaqəyə əsaslanan daha möhkəm, inklüziv və dinamik iqtisadiyyat yaratmağa diqqət yetirəcəyik.

Azərbaycan artıq qeyri-neft sektorunu genişləndirmək üçün addımlar atır, lakin onun potensialı hələ tükənməyib. Maliyyəyə çıxış əlavə dəyər yaratmaq və iqtisadi diversifikasiyanı sürətləndirmək üçün mühüm faktor olaraq qalır. Bu baxımdan biz biznesə investisiya cəlb etməyə kömək etməklə onu fəal şəkildə dəstəkləyirik. Bu yaxınlarda dayanıqlı layihələrin maliyyələşdirilməsi üçün “Bank Respublika”ya ilk “yaşıl kredit"i təqdim etdik, eləcə də ixrac-idxal əməliyyatlarını asanlaşdırmaq üçün "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ilə 50 milyon ABŞ dolları dəyərində ticarətin maliyyələşdirilməsi mexanizmini işə saldıq.

Maliyyə alətləri ilə yanaşı, biz “Kiçik Biznes üçün Məsləhət” (ASB) proqramı vasitəsilə kiçik və orta biznesə praktiki dəstək göstəririk, şirkətlərə innovasiyaların tətbiqinə, yeni texnologiyaların mənimsənilməsinə və onların rəqabət qabiliyyətinin artırılmasına kömək edirik.

Qeyd edim ki, əlverişli biznes mühitinin yaradılması və investorların inamının gücləndirilməsi neft-qaz sektorundan kənarda özəl kapitalın cəlb edilməsi üçün əsas şərtlərdir. Biz iqtisadi və korporativ idarəetməni təkmilləşdirmək üçün dövlət qurumları və şirkətlərlə fəal işləyirik.

Bundan əlavə, Azərbaycanın Orta Dəhliz boyunca strateji mövqedə yerləşməsi ticarətin inkişafı və investisiyalar üçün mühüm imkanlar açır. Biz regional əlaqələrin və nəqliyyat-logistika infrastrukturunun gücləndirilməsinə töhfə verən layihələri dəstəkləməyə hazırıq.

Məqsədimiz Azərbaycana karbohidrogenlərdən daha az asılı olan və daha çox özəl sektor yönümlü müasir, dayanıqlı iqtisadiyyat qurmağa kömək etməkdir. Artıq ölkədə gələcək inkişaf üçün möhkəm zəmin var və düzgün siyasət və investisiyalarla inkişaf üçün uzunmüddətli imkanlar yaratmaq olar. Qarşıdan gələn beşillik dövrə və əməkdaşlığımızın perspektivlərinə nikbin baxıram.

-EBRD-nin Azərbaycanla bağlı yeni strategiyasında “yaşıl iqtisadiyyat”ın inkişafına, o cümlədən bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi, dayanıqlı nəqliyyat və təmiz texnologiyalara böyük diqqət yetirilir. Bank “yaşıl enerji” sahəsində hansı yeni təşəbbüsləri nəzərdən keçirir və nə qədər maliyyə vəsaiti ayırmağa hazırdır?

- “Yaşıl iqtisadiyyat”ın inkişafı Azərbaycanla bağlı yeni strategiyamızın əsas istiqamətlərindən biridir. Biz təkcə bərpa olunan enerji layihələrini maliyyələşdirmirik, həm də davamlı keçid üçün zəruri olan normativ-hüquqi bazanın formalaşdırılması üzrə dialoqda fəal iştirak edirik.

Bu istiqamətdə mühüm addımlardan biri də dəstəklədiyimiz bərpa olunan enerji layihələri üçün hərrac modelinin tətbiq edilməsidir. Azərbaycanda ilk belə hərrac ötən il keçirilib və onun qalibi Bakıda keçirilən COP29 konfransında elan edilib. Bu, sektorun inkişafında mühüm mərhələ oldu. Bundan başqa, biz enerji bazarında şəffaflığın və rəqabətin təmin edilməsində mühüm rol oynayan Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) yaradılması istiqamətində hökumətlə sıx əməkdaşlıq etmişik.

İnvestisiyalara gəlincə, bu günə kimi “Qaradağ” GES (230 MVt, “Masdar”), “Xızı-Abşeron” GES (240 MVt, “ACWA Power”), “Biləsuvar” GES (445 MVt, “Masdar” və “SOCAR Green”), “Neftçala” GES (315 MVt, “Masdar” və “SOCAR Green”) daxil olmaqla, 1,2 GVt bərpa olunan enerji gücünü əhatə edən layihələri dəstəkləmişik. 

Bu layihələr Azərbaycanın elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payını 2030-cu ilədək 30 %-ə çatdırmaq strategiyasının bir hissəsidir. Biz şəffaflıq, ətraf mühit və korporativ idarəetmə standartlarına cavab verməsi şərti ilə bərpa olunan enerji mənbələri ilə bağlı yeni təşəbbüsləri maliyyələşdirməyi davam etdirməyə hazırıq. Mühüm istiqamət olan elektrik şəbəkəsi infrastrukturunun modernləşdirilməsi daha çox “yaşıl enerji”nin ölkənin enerji sisteminə inteqrasiyasına imkan verəcək 

Biz həmçinin hidrogen enerjisinin potensialını araşdırırıq. Hökumətlə tərəfdaşlıq çərçivəsində COP29-da təqdim olunan və bu yaxınlarda dərc edilmiş Hidrogen üzrə Milli Strateji İcmal hazırlamışıq. Təhlil göstərir ki, Azərbaycanın böyük həcmdə bərpa olunan enerji resursları sayəsində aşağı karbonlu hidrogen iqtisadiyyatını inkişaf etdirmək üçün hər cür imkan var. Hazırda biz bu strategiyanı dəstəkləmək üçün mümkün investisiya mexanizmlərini nəzərdən keçiririk.
Digər əsas istiqamət Azərbaycan üçün aşağı karbonlu və iqlimə dayanıqlı enerji yolunun inkişafıdır. Bu, energetikanın inkişafını balanslaşdırmağa kömək edəcək və dekarbonizasiyaya davamlı keçidi təmin edəcək.

Ölkə artıq “yaşıl gələcəyə” doğru mühüm addımlar atıb və biz bu prosesdə etibarlı tərəfdaş olmaqdan qürur duyuruq. Biz enerji sektorunda uzunmüddətli və davamlı dəyişiklikləri təşviq edən həm siyasi islahatları, həm də investisiya layihələrini dəstəkləməyə davam edəcəyik. 

- EBRD “yaşıl enerji”nin ixracı üçün Qara dənizdən keçən enerji kabeli layihəsində, eləcə də “Mərkəzi Asiya – Xəzər – Avropa” kimi daha geniş enerji dəhlizində iştirak imkanlarını nəzərdən keçirirmi? Bankın bu cür təşəbbüslərə maliyyə dəstəyi göstərə bilməsi üçün hansı şərtlər lazımdır? 

- EBRD Qara dəniz elektrik kabeli və Mərkəzi Asiya-Xəzər-Avropa enerji dəhlizi layihəsinin inkişafını diqqətlə izləyir. Bu layihədə iştirak edən ölkələrdə böyük iş və investisiya təcrübəmiz var, buna görə də onu dəstəkləməkdə maraqlıyıq.

Belə miqyaslı layihələr kommersiya məqsədəuyğunluğunun və regional faydalarının təsdiqlənməsi nöqteyi-nəzərindən dəqiq iqtisadi qiymətləndirmə tələb edir. Həm dövlət, həm də özəl sektorlardan olan maraqlı tərəflərin güclü institusional dəstəyi burada önəmli ilkin şərtdir. Bunlar əlaqələndirilmiş yanaşma, şəffaf normativ-hüquqi baza və davamlı maliyyə modeli tələb edən mürəkkəb transsərhəd təşəbbüslərdir. 

Bu mərhələdə biz layihənin gedişatını izləyir və iştirakımızın mümkün formalarını müəyyən etmək üçün tərəfdaşlarla məsləhətləşmələr aparırıq. Dəqiq biznes modeli, sabit tənzimləmə və güclü institusional dəstək kimi lazımi şərait yaradılarsa, biz maliyyə baxımından iştirak imkanlarını nəzərdən keçirməyə hazır olacağıq.

Azərbaycan “yaşıl elektrik enerjisi”nin ixracı üçün əhəmiyyətli potensiala malikdir və bu cür təşəbbüslər dərin regional enerji inteqrasiyası istiqamətində mühüm addımdır. Biz layihənin inkişafını maraqla izləyir və gələcək əməkdaşlığa hazırıq. 

- EBRD Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsinin maliyyələşdirilməsində iştirak imkanlarını nəzərdən keçirirmi? Bank CO₂ tutma və saxlama texnologiyalarının (CCS) və ya digər iqlimə davamlı mexanizmlərin tətbiqi də daxil olmaqla qaz nəqlində karbon izinin azaldılması ilə bağlı təşəbbüsləri dəstəkləməyə hazırdırmı? 

- Biz investisiyalarımızın davamlı gələcəyə töhfə verməsini təmin etməyə çalışırıq. İrimiqyaslı enerji layihələrini nəzərdən keçirərkən, bizim üçün onların təkcə cari enerji ehtiyaclarını ödəməsi deyil, həm də uzunmüddətli enerji keçidi məqsədlərinə uyğun olması vacibdir. 

Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı qərarı Azərbaycan hökuməti verməlidir. Əgər bizə maliyyələşdirmə ilə bağlı sorğu daxil olarsa, layihənin iqtisadi məqsədəuyğunluğu, iqlim aspektləri və Paris Sazişi üzrə öhdəliklərimizə uyğunluğu nəzərə alınmaqla, onu hərtərəfli qiymətləndirməyə hazırıq.

Bundan əlavə, bu cür təşəbbüsləri təhlil edərkən karbon izinin azaldılması mümkünlüyünə xüsusi diqqət yetiririk. Bura CO₂ tutma və saxlama texnologiyalarının inkişafı, enerji səmərəliliyinin artırılması və digər aşağı karbonlu həllərin tətbiqi daxildir. Biz hökumət və tərəfdaşlarla Cənub Qaz Dəhlizinin regionun daha dayanıqlı enerji sisteminə necə uyğunlaşa biləcəyi ilə bağlı dialoqa açığıq.

-İqtisadi inkişafda və regional əlaqələrin möhkəmləndirilməsində nəqliyyat infrastrukturu mühüm rol oynayır. EBRD Azərbaycanın dəmir yolu şəbəkəsinin, o cümlədən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin modernləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsini nəzərdən keçirməyə hazırdırmı? Bank multimodal daşımalar, liman infrastrukturu və logistika hablarının dəstəkləməkdə maraqlıdırmı?

- Regional əlaqələrin inkişafı EBRD-nin Azərbaycanda 2025-2030-cu illər üçün əsas prioritetlərindən biridir. Müasir və səmərəli nəqliyyat infrastrukturu ticarətin inkişafında və iqtisadiyyatın şaxələndirilməsində həlledici rol oynayır və biz ölkənin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləməyə hazırıq.

Ən az karbon tutumlu nəqliyyat növü olan dəmir yolları dayanıqlı nəqliyyat sisteminin yaradılması üçün xüsusilə vacibdir. Biz görürük ki, Azərbaycan xüsusən də geosiyasi dəyişikliklər fonunda strateji əhəmiyyət kəsb edən Orta Dəhliz boyunca öz tranzit potensialını fəal şəkildə genişləndirir. Bu marşrut regional inteqrasiya və ticarət əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar açır.

EBRD dəmir yolu şəbəkəsinin, multimodal daşımaların, logistika hablarının və liman infrastrukturunun inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsini nəzərdən keçirməyə hazırdır. İnvestisiyalarla yanaşı, biz nəqliyyat sektorunun səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş islahatları və təşəbbüsləri də dəstəkləməyə hazırıq.

Biz Orta Dəhliz vasitəsilə tranzit daşımalara artan tələbatı nəzərə alaraq, yeni layihələri araşdırmaq üçün Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edirik. Əminik ki, birgə səylər ölkənin qlobal logistika sistemindəki rolunu gücləndirməyə kömək edəcək və biz bu sahədə gələcək əməkdaşlığa hazırıq.

- EBRD Azərbaycanda rəqəmsal transformasiya və innovasiya sahəsində hansı təşəbbüsləri nəzərdən keçirir? Bank rəqəmsal infrastrukturun, “ağıllı şəhər”lərin, texnoloji startapların və ümumilikdə İT sektorunun inkişafı ilə bağlı layihələri maliyyələşdirməyə hazırdırmı?

- Rəqəmsal transformasiya və innovasiyalar iqtisadi rəqabətliliyin əsas hərəkətverici qüvvəsidir və biz onların Azərbaycanda inkişafı üçün böyük potensial görürük. EBRD davamlı iqtisadi artıma və həyat keyfiyyətinin yaxşılaşmasına töhfə verən rəqəmsal infrastruktur, “ağıllı şəhər”lər və texnoloji həllərlə bağlı layihələrdə iştirakını genişləndirməyə çalışır.

Artıq fəal şəkildə işlədiyimiz sahələrdən biri də davamlı şəhər inkişafıdır. “Yaşıl şəhərlər” proqramı çərçivəsində biz Gəncəyə bərk məişət tullantılarının idarə olunması, küçə işıqlandırılması və su təchizatı sistemlərinin modernləşdirilməsində dəstək veririk. “Ağıllı texnologiya”lar şəhər infrastrukturunun səmərəliliyini və ekoloji cəhətdən təmizliyini əhəmiyyətli dərəcədə artıra bilər və biz bu istiqamətdə yeni layihələri nəzərdən keçirməyə hazırıq.

Biz həmçinin biznes üçün texnoloji həllər və genişzolaqlı internet də daxil olmaqla rəqəmsal infrastrukturun inkişafının vacibliyini qəbul edirik. Bundan başqa, EBRD kiçik və orta biznesin, o cümlədən startapların və innovasiyaya yönələn şirkətlərin dəstəklənməsi sahəsində böyük təcrübəyə malikdir. Biz Azərbaycanda texnologiya müəssisələrinin maliyyələşdirilməsi imkanlarını araşdırmağa hazırıq. 

Məqsədimiz infrastruktura sərmayə qoyuluşu, özəl sektora dəstək və ya siyasətin işlənib hazırlanmasına cəlb olunmaqla Azərbaycanın rəqəmsal transformasiya potensialından maksimum istifadə etməsinə kömək etməkdir. Biz rəqəmsal və innovativ iqtisadiyyatın yaradılmasına töhfə verə biləcək yeni layihələri nəzərdən keçirməyə və əməkdaşlığa açığıq.

-EBRD tərəfindən layihələrin həyata keçirilməsində özəl sektorun rolu nədən ibarətdir? Yerli və beynəlxalq investorlarla aparılan danışıqlar nə dərəcədə intensivdir? Bank iqtisadiyyatın əsas sektorlarında özəl biznesin maliyyələşdirilməsini genişləndirməyə hazırdırmı?

- Özəl sektor dayanıqlı iqtisadi artımın əsasını təşkil edir və onun inkişafı Azərbaycandakı strategiyamızın mərkəzində dayanır. Biz qəti şəkildə inanırıq ki, dinamik və rəqabətli biznes iş yerləri yaradır, innovasiyaları stimullaşdırır və iqtisadiyyatın şaxələndirilməsini sürətləndirir. Məhz buna görədir ki, EBRD uzun illərdir sistemli şəkildə özəl sektoru dəstəkləyir, maliyyə, məsləhət xidmətləri göstərir və sahibkarlıq üçün əlverişli şərait yaradan islahatları təşviq edir.

Biz özəl biznesin maliyyələşdirilməsi ilə bağlı proqramları genişləndirməyə hazırıq. Yerli banklarla tərəfdaşlıq vasitəsilə biz şirkətlərin kapitala, o cümlədən “yaşıl kredit”lərə və ticarət-maliyyə alətlərinə çıxışını artırırıq. Bununla yanaşı, biz maliyyə resursları, qabaqcıl texnologiyalar və idarəetmə təcrübəsi ilə Azərbaycanın qlobal dəyər zəncirlərinə inteqrasiyasına töhfə verən beynəlxalq investorlarla aktiv şəkildə qarşılıqlı fəaliyyətdəyik.

Nəticə etibarilə, güclü özəl sektor dayanıqlı və rəqabətədavamlı iqtisadiyyat deməkdir. Məqsədimiz investisiyaları stimullaşdırmaq, biznesin inkişafına kömək etmək və Azərbaycanı investorlar üçün daha cəlbedici edən islahatları dəstəkləməkdir.

Son xəbərlər

Bütün Xəbər Lenti