Bu il neft-qaz qiymətlərinin yüksək olmasına baxmayaraq dövlət büdcəsinin gəlirlərində neft-qaz gəlirləri ilə qeyri neft-qaz gəlirləri təxminən bərabər olub.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İTV kanalına müsahibəsində bildirib.
"Bu da Azərbaycan iqtisadiyyatının divertifikasiyasına yönəldilmiş addımların bəhrəsini verdiyini göstərir. Təbii ki, burada iqtisadiyyatın "kölgə"dən çıxması da böyük rol oynayır. Qeyri-neft-qaz sektorunda vergi ödənişlərinin böyük əksəriyyəti özəl sektorun payına düşür. Bu da o deməkdir ki, bizim özəl müəssisələrdə mənfəətlilik yaranır, onların fəaliyyəti uğurludur.
Dövlət müəssisələrində də eyni trend görürük. Prezidentin fərmani ilə yaradılmış Azərbaycan İnvestisiya Holdininqinin idarəsindəki bir sıra müəssisələr bu ili çox müsbət nəticələrlə başa vurur. İqtisadiyyatımızın lokomotivi olan SOCAR ilk dəfə dividend ödəyib. Bu il ABB də dividend ödəniş edib. Bundan başqa, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “AzerGold” QSC-lər və digər müəssisələrimiz maliyyə nəticələrini yaxşılaşdırmaqla yanaşı fəaliyyət istiqamətlərini də genişləndiriblər", - deyə o qeyd edib.